Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?backend

Qeyri-sabit, yağıntılı hava şəraiti Bakı və Abşeron yarımadasında həftə sonunadək davam edəcək.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

O qeyd edib ki, şimalda yaranan Arktik mənşəli siklonun və soyuq atmosfer cəbhəsinin ölkə ərazisinə daxil olması nəticəsində hazırda respublika ərazisində qeyri-sabit, yağıntılı, soyuq hava şəraiti müşahidə olunur:

“Mövcud sinoptik şəraitlə əlaqədar havanın temperaturu enib. Hazırda temperatur iqlim normasından 3 dərəcə aşağıdır. Gün ərzində Bakıda və Abşeron yarımadasında arabir yağıntılı hava şəraiti müşahidə olunacaq, bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimal olunur. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu 3-5 dərəcəyədək isti olacaq. Bəzi bölgələrdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacaq. Ayrı-ayrı rayonlarda isə yağıntıların intensivləşəcəyi ehtimal olunur”.

G.Məmmədovanın sözlərinə görə, ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı, soyuq hava şəraiti bölgələrdə dekabrın 7-si gündüzədək, Bakıda və Abşeron yarımadasında isə həftə sonunadək davam edəcək.