QHT sədri: Uğurla inkişaf edən Azərbaycanın dünyada nüfuzu getdikcə güclənməkdədirbackend

Azərbaycan xalqı 2021-ci ilə uğurla yekun vurdu. Ölkəmiz 2020-ci ildə düşmən üzərində qazandığımız möhtəşəm Qələbəmizdən, ərazi bütövlüyümüzün bərpasından sonra daha da möhkəmləndi. Avropa İttifaqı, dünya dövlətləri Azərbaycanın regionda yaratdığı yeni reallığı qəbul etməyə məcbur oldular. Uğurla inkişaf edən ölkəmizin dünyada nüfuzu getdikcə güclənməkdədir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Sağlamlığın qorunması” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyib.
Y.Abdiyeva Azərbaycan Prezidentinin Sərəncamı ilə 2022-ci ilin “Şuşa İli” elan edilməsinin mühüm və əlamətdar hadisə olduğunu bildirib. Şuşanın müqəddəs şəhər olduğunu diqqətə çatdıran QHT sədri ötən müddət ərzində burada mühüm işlərin görüldüyünü qeyd edərək deyib: “Şuşada Azərbaycanın musiqi və incəsənət dahilərinin ruhları dolaşır. İkinci Qarabağ müharibəsinin gedişində dönüş nöqtəsi olan Şuşa döyüşləri qəhrəmanlıq dastanı nümunəsidir. Bu torpaq, bu şəhər cəsur igidlərimizin qanı ilə suvarıldığı üçün müqəddəsdir. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa təbrikində vurğuladığı kimi, biz İkinci Qarabağ müharibəsini, işğal dövründə törədilmiş vəhşilikləri unutmamalıyıq və unutmayacağıq. Biz şəhidlərimizin xatirəsini daim öz qəlbimizdə yaşadacağıq”.
Y.Abdiyeva qeyd edib ki, digər ərazilərimiz kimi, 30 ilə yaxın işğaldan əziyyət çəkən Şuşamız indi azad nəfəs alır. Şuşada infrastruktur yenilənir, bərpa və quruculuq işləri sürətlə aparılır. Mədəniyyət paytaxtımız ötən il “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri kimi möhtəşəm tədbirlərə ev sahibliyi etdi. Dünya Azərbaycan musiqisinin əzəmətini, gözəlliyini bir daha gördü. Əminliklə deyə bilərik ki, Qarabağın incisi Şuşamız daha da inkişaf edəcək, daha da gözəlləşəcək.
“Dövlətimizin başçısı xalqa təbrikində regionda çoxtərəfli əməkdaşlıq platformasının formalaşdığını və bunun Azərbaycanın maraqlarına cavab verdiyini qeyd etdi. Humanist prinsipləri dövlət siyasətində hər zaman əsas tutan Prezident İlham Əliyev onu da vurğuladı ki, nə vaxtsa Ermənistanla da qonşuluq əlaqələrinin qurulacağı mümkün ola bilər. Bu isə reallıqla barışmaqdan başqa çarəsi qalmayan qonşumuzdan asılıdır. Regional çərçivədə öz rolunu artırmaq artıq onun öz öhdəsindədir”, – deyə Yazgül Abdiyeva vurğulayıb.
Şuşanın rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilməsinin hər bir həmvətənimizə qürur hissi yaşatdığını deyən QHT sədri bu sevinci bizə yaşadan şəhidlərimizə, qazilərimizə, Prezident Ali Baş Komandan İlham Əliyevə təşəkkürümüzü bildirib.