QHT yeni layihənin icrasına başlayıbbackend

Məlum olduğu kimi bütün dünyanı cənginə almış koronavirus infeksiyası müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlara problemlər yaradıb. Pandemiya qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün isə daha ciddi fəsadlara yol açır. Bu şəxslərin müalicə və müayinəsi, onlara qan köçürülməsi kimi məsələlər problemə çevrilib. İnsanlarda qan xəstəlikləri ilə bağlı məlumat azlığı bu xəstəliklərin yayılmasına da öz təsirini göstərir.

Respublikamızda da qan xəstəliyinin qarşısının alınması istiqamətində son illər görülən təbdirlərə baxmayaraq, problemi tam həll etmək mümkün olmayıb. Bu problemlərin həlli istiqamətində Azərbaycan dövlətinin gördüyü işlərə ictimai dəstək məqsədi ilə “Leykozlu Uşaqlara Dəstək” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yeni layihənin icrasına başlayıb.

Təşkilatın “Qan xəstəlikləri və koronavirusdan zərər çəkənlərə dəstək və maarifləndirmə” adlı layihəsində də bu tip insanlara yardımların edilməsi və qan xəstəlikləri ilə bağlı maarifləndirmə nəzərdə tutulur. Layihə 3 ay ərzində icra olunacaq.

Layihə çərçivəsində koronavirus pandemiyasından zərər çəkən respublikanın müxtəlif ərazilərində yaşayan imkansız ailələrə yardımlar ediləcək.
Talassemiya və qohum nikahlarının səbəb  olduğu genetik xəstəliklər və onların müalicəsi, sümük iliyinin trasplantasiyası əməliyyatı, COVİD-19-a yoluxmamaq üçün tələb olunan qaydalarla bağlı maarifləndirmə xarakterli yazılar hazırlanaraq mətbuatda yayılması təmin ediləcək.