“Qızının bir yaşında əri tərk edir, yazdığı mahnı Akif İslamzadəyə problem yaradır…” – Elza İbrahimovanın həyat hekayəsibackend

Bu gün – fevralın 11-də duyğulu və həzin mahnıların müəllifi, tanınmış bəstəkar Elza İbrahimovanın anım günüdür.

Mərhum bəstəkarın ömür səhifəsini təqdim edirik:

Azərbaycanın və Dağıstanın Xalq artisti Elza İbrahimova 1938-ci ildə Hacıqabulda anadan olub. Uşaq yaşlarından musiqiyə olan sevgi, onu Bakıya gətirir. O, 1957-ci ildə A.Zeynallı adına orta ixtisas musiqi məktəbinin bəstəkarlıq sinfini, 1964-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq şöbəsini bitirir.

16 yaşında atasını itirir…

Musiqi məktəbini bitirdikdən sonra anasının dəstəyi ilə sənədlərini ali məktəbə verir. İmtahan verdiyi ilk ildə ixtisas fənlərindən əla qiymətlər alsa da, bir fəndən kəsilir. Bununla da bədbinliyə qapılan Elza ruhdan düşərək, yenidən imtahan vermək istəmir. Anasına dərzi olmaq istədiyini bildirir. Lakin anası ona “Mən sənə çit paltar tikdirəcəm” deyib Elzanı fikrindən daşındırır və o ikinci dəfə ali məktəbə imtahan verir və Cövdət Hacıyevin sinifinə daxil olur. Daha sonra bəstəkar Qara Qarayevin sinfinə keçir. Onun diplom işini Qara Qarayev və Niyazi kimi ustad bəstəkarlar qiymətləndirir.

Beləliklə, Elza İbrahimova biri-birindən gözəl musiqi əsərlərini bəstələyir. Onun məşhur “Gecələr bulaq başı”, “Ey vətən”, “Gedək üzü küləyə”, “Sən yadıma düşəndə”, “Bağçadan keçmisən”, “Bilməzdim”, “Gəl-gəl gülüm” və digər məşhur mahnıları var ki, bu gün də öz aktuallığını qoruyur. Onun bir çox nəğmələri keçmişlə bu gün arasında musiqi körpüsü yaradaraq, bəşəriliyi ilə ölümsüzlük qazanıb.

Bəstəkarın “Qurban verərdim” mahnısı Akif İslamzadəni “qurban verir”…

Mahnı Sovet ruhuna uyğun olmadığına görə, səsləndirilməsinə qadağa qoyulur. Hətta bununla bağlı mahnının ifaçısı Akif İslamzadani ittiham edirlər ki, “kommunizm dövründə insanları keçmişə qaytarmaq” nə deməkdir? Bu mahnını ifa etdiyinə görə Akif İslamzadəyə bədii şura tərəfindən töhmət də verilir.

Bəstəkar mahnılarının demək olar ki, əksəriyyətini Xalq artisti Flora Kərimova üçün yazır. Hətta dünya ulduzu Maykl Ceksona rekviem yazdığı da bildirilir…
O, İlhamə Quliyevanın ifasında məşhurlaşan “Gəl-gəl, gülüm” mahnısını da Flora Kərimova üçün yazdığını bilidirir. Həmin ərəfədə Flora Kərimova qastrol səfərinə getməli olduğundan onun üçün yazdığı “Bilməzdim” və “Sən yadıma düşəndə” mahnılarını başqa müğənnilərə verməli olur.

Bəstəkarın ən çox sevdiyi mahnısı Flora Kərimovanın ifasında “Bilməzdim” və Rəşid Behbudovun səsləndirdiyi “Ey vətən” musiqisi olur. Elza İbrahimova bəstəkar Üzeyir Hacıbəyovdan sonra, muğam əsasında opera yazan ilk bəstəkar olur.

24 yaşında özündən yaşca böyük professor, Adil Ələkbərovla ailə həyatı qurur…

Lakin bu evlilik qısa sürür. Bir il ailəli olan Elzanın bu evlilikdən Zəhra adlı qızı dünyaya gəlir. Zəhranın bir yaşı olmamış əri Elzanı tərk edir. Bəstəkar uğursuz evliliyindən sonra bir daha ailə həyatı qurmur.

Onun ən böyük arzusu ürəyində qalır…

Bəstəkarın ən böyük arzusu “Yanan laylalar” operasını səhnədə görmək olsa da, bu ona qismət olmur. Bu opera Qarabağ faciəsinə həsr olunur. Elza İbrahimova müsahibələrinin birində “o zaman mənə ilham gələndə, hardan biləydim ki, 20 il bu əsər uğrunda mübarizə aparmalı olacam” sözlərini söyləyir. Məhz bu səbəbdən ömrünün sonuna kimi depressiyaya düşən bəstəkar, heç kimi görmək istəmir. Hətta o ömrünün son ayında yemək və içməkdən də imtina edir.

Elza İbrahimova 1992-ci ildə əməkdar incəsən xadimi, 2008-ci ildə isə 70 yaşında Xalq artisti adına layiq görülür. O, 2012-ci ildə uzun sürən xəstəlikdən sonra, 74 yaşında dünyasını dəyişir.

Bəstəkar İkinci Fəxri Xiyabanda dəfn edilib.Sfera.az