“Yeni Gundem” Mir Şahin Ağayevin mərhum Əməkdar artist Aygün Bəylər haqqında yazdığı “Tut ağacı üçün elegiya…” adlı məqaləni təqdim edir.
…Ömürlə ölüm hər kəsdə birlikdə yaşayır. Yeni doğulmuş uşaqda da, yaşı yüzü adlamış qocada da. Amma həyatın işlək, adi, cari çağlarında bu daimi müttəfiqliyin yalnız bir üzünü görürsən. Səninlə ünsiyyətdə yalnız qarşı tərəfin ömür tayı qüvvədə olur. Ölüm üzü yada düşmür.
… Amma istisnalar var!
Şəxsən mən ölüm-dirim cütlüyü haqqında yalnız xərçəng xəstələri ilə danışanda, onlara baxanda fikirləşirəm.
Yalnız onlarla ünsiyyətdə olarkən görürəm ki, qarşımda hər iki dünyanı biryerdə daşıyan İNSAN var.
Onlarda həm ömür, həm ölüm birlikdə dilə gəlir, birlikdə gülür, birlikdə hərəkət edir…birlikdə bişirir, birlikdə yazır, birlikdə uşağı bağçadan götürür…
birlikdə…
birlikdə…
birlikdə…
Ömür-ölüm tandem i ilə biryerdə “Salam!”laşırır, biryerdə “Sağ ol!”laşırıq. Etiraf edim ki, olduqca qəribə hissdir. Bir tərəfdən bilirik ki, onsuz da hamımız öləcəyik. Amma fərdi təqviminin ölüm vərəqini hər dəfə hiss etdiyin, virtual şəkildə “gördüyün” o şəxslərin yaratdığı hisslər, oyatdığı təəssüratlar, etdiyi əməllər sanki iki dəfə artıq olur. Hər iki aləmə vurulduğuna görə çəki, miqyas, miqdar, həcm də artır…hasilləşir!
… Aygün Bəylər özündə iki aləm daşıyırdı…
Bəylər vəfat edəndən sonra adını özünə soyad götürmüşdü…
Aygün ömür, Bəylər ölüm hissəsi tək Tək Vücudda yaşayırdı.
Xərçəng xəstəliyi onu hər dəfə həyatın ölüm payını da özü ilə gəzdirməyə vadar edirdi.
Qızının əlindən yapışanda ölümlə-xərçənglə yapışırdı…
Mikrofonu tutanda ölümlə-xərçənglə tuturdu.
Müsahibə verəndə ölümlə-xərçənglə verirdi…
Azərbaycanda çox mədəniyyət adamı xərçəngdən vəfat edib. Amma heç biri ölümlə duetdə konsert verib getməyib. O nə oxumaq, o nə qüdrətli Səs, hələ O nə Dəsmal idi, İlahi!??! Aygünün son konsertinə getmək istəmişdim. Mədəniyyət və incəsənət sahəsində yaxşı əlaqələrə malik olan Tarixi ( MTV-nin aparıcısı) axtarmışdım. Bilmirəm, zəng çatmamışdı, ya başqa bir səbəbdən-hər halda sonda bilet tapmadım… Və mən o konsertə düşə bilmədim. Sonra onun konsertindən bəzi parçalar gördüm: əlində dəsmalla. Sanki ayrılığın rəmzi idi.
Aygün Bəylər mənim məsuliyyətlə: “Dahi!” deyə bildiyim nadir musiqi varlığı idi. Həmişə ona vəcdlə, emosiyalarımın Everestində qulaq asmışam. İstənilən yüksəklik üçün təbii olan hallar da yaşamışam. Məsələn, ya başım gicəllənib, ya havam çatmayıb. Amma dərk etmişəm ki, Aygün Bəylərdə ifa edən, oxuyan, yaradan İki Aləmdir: həm Olum, həm Ölüm!
Ona görə Aygün iki dəfə çoxdur! İki dəfə artıqdır! Aygün “Tut Ağacı!” deyə bütün insanlığa, canlıllğa, cansızlığa müraciət edir, hər dəfə sanki hər kəsdən, hər nədən halallıq alırdı…
“Neçə körpə budağını mən əzmişəm…!?!” Bu hər birimizin bir Ömür və bir Ölüm boyu hər kəs və hər nə qarşısında etməli olduğumuz yeganə etiraf olmalıdır…
Qəribədir…
Aygün Bəylər xərçəngdən vəfat etdi. Amma ilk dəfədir ki, məni “Şiş harasında idi?” kimi bəsit sualın maraqlandırmadığının fərqinə varıram. Bəlkə şiş onun Ömür yerində deyildi, elə Ölüm hissəsində idi…!? Biz Aygün Bəylərin səsini hər dəfə eşidəcək, amma o DƏSMAL-ın timsalında həm də görəcəyik…
Tarixdən isə həmişə soruşmaq istəyəcəyəm: Aygün Bəylərin son konsertinə bleti hardan tapa bilərəm!?