QMİ-dən MÜRACİƏTbackend

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Məhərrəm ayının başlaması iə əlaqədar dindarlara müraciət edib.

“Yeni Gündəm”-in xəbərinə görə, müraciətdə deyilir:

Bismillahir-rəhmanir-rəhim!

Möhtərəm mömin qardaş və bacılarımız!

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri nəzərinizə çatdırır ki, Hicri-qəməri təqvimi ilə 1441-ci il başa çatır, yeni 1442-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2020-cü il avqust ayının 21-nə təsadüf edir.

Məhərrəm ayı Hicri-qəməri ilinin ayları arasında müqəddəs aylardan biridir. Bu ay Həzrət Peyğəmbərin (s) buyurduğu kimi, müharibələrin qadağan olunduğu aylardan biri olmasına baxmayaraq, Aşura günü İmam Hüseyn əleyhissəlam tərəfdarlarının haqq uğrunda şəhadətə yetişdiyi gün kimi Əhli-Beyt (ə) tarixinə kədərli, lakin, eyni zamanda, inanclı insanlara qürur bəxş edən bir məqam kimi daxil olmuşdur. Kərbəla faciəsinin nəsillərin yaddaşında yaşaması, İmam Hüseyn əleyhissəlamın həyat və mübarizəsinin yad edilməsi olduqca böyük mənəvi-əxlaqi əhəmiyyət kəsb edir. İmam Hüseyn əleyhissəlamın əzadarlığı iman sevgisinin, əqidəyə sadiqliyin, Vətən uğrunda şəhadətə hazırlıq ruhunun təcəssümüdür.

Möhtərəm qardaş və bacılarımız! Məhərrəm ayının 10-u – Aşura günü 2020-ci il avqust ayının 30-na təsadüf edir. Bu münasibətlə bütün dindarlarımıza dərin hüznlə başsağlığı verir, Allah-Təaladan səbr, məğfirət diləyirik.

Bu il Aşura dünyada davam edən koronovirus pandemiyası dövrünə təsadüf edir. Aylardır ki koronovirus pandemiyası bütün dünyanı cənginə alıb, yüz minlərlə insan bu qorxunc bəla üzündən həyatını itirib, milyonlarla insan xəstəxanalarda ölümlə həyat arasında mübarizə aparmaqdadır. İnsan sağlamlığına ciddi təhlükə, ölümcül təhdid olan, hələ də səngiməyən bu bəlanın aradan qaldırılması yönündə dünya birliyi böyük səylə çalışır. Şükürlər olsun ki, dövlətimiz tərəfindən xəstəliyin aradan qaldırılması üçün bütün lazımı tədbirlər görülür, insanlarımız diqqət və qayğı ilə əhatə olunmuşlar. Ölkə rəhbərliyinin qayğı və diqqətini öz üzərində hiss edən insanlarımız hökümətin verdiyi zəruri qərarlara hörmət, məsuliyyət və anlayışla yanaşırlar. Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev cənablarının, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi və diqqəti sayəsində vətəndaşlarımızın sağlamlığı üçün önləyici tədbirlər görülür, həm Bakıda, həm də ayrı-ayrı bölgələrimizdə modul tipli xəstəxanalar istifadəyə verilir. Xəstəliklə mübarizədə yerli həkimlər fədakarlıq nümayiş etdirirlər, əcnəbi həkimlər də prosesə cəlb olunur, Nazirlər Kabineti yanında Operativ Qərargah xəstəliyin miqyasının genişlənməməsi, əhalinin sağlamlığının qorunması məqsədi ilə lazımı tədbirlər həyata keçirir, müvafiq tövsiyələrini verir.

Dini mərkəz – Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) ölkəmizdə karantin gündəmə gələn ilk günlərdən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah ilə ətraflı məsləhətləşmələrindən sonra zəruri tövsiyələr nəzərə alınaraq, koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə ölkə ərazisindəki bütün məscid və ziyarətgahlarda ibadətlərin müvəqqəti dayandırılmasına dair qərar verilmişdir. Uca Allahın yaratdığı ən müqəddəs dəyər olan insan həyatının qorunması məqsədi ilə bu məcburi addımın atılmasında əsas məqsəd vətəndaşlarımızın həyat və sağlamlığının qorunmasıdır.

Pandemiya dövrünün məcburi təcrid tədbirləri virus təhlükəsinin qapalı və açıq məkanlarda insanların sıx toplaşdığı şəraitdə artması ilə əlaqədardır. Dünyanın bütün nöqtələrində bu və ya digər şəkildə təcridolunma həyata keçirildiyi, İslamın vacib şərtlərindən biri olan müqəddəs Həcc ziyarətinin, habelə diğər dinlərin müqəddəs ayinlərinin müvəqqəti dayandırılması artıq dövrümüzün gerçəkliyidir. Aşura kimi, ənənəvi olaraq, böyük kütləviliyi ilə seçilən, sosial məsafəyə əməl olunmasının təmini qeyri-mümkün olan mərasim insanların virusa yoluxma sayının artma ehtimalı baxımından böyük təhlükə yarada bilər. Bu gerçəkliyi nəzərə alaraq, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri bəyan edir ki, Operativ Qərargahın qərarına əsasən bu il Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda təziyə mərasimləri keçirilməyəcəkdir. QMİ-nin yerlərdəki qazı, səlahiyyətli nümayəndə və imamları bu tövsiyələri dindarlara çatdırmalıdırlar.

İnsan sağlamlığının qorunması Uca Allahın istəyidir və bununla bağlı hər birimizin üzərinə həm özümüz, həm də yaxınlarımızın sağlamlığı ilə bağlı böyük məsuliyyət və dövlətimizin bu istiqamətdə tədbirlərinin səmərəliliyinin təmini baxımından ictimai vəzifə düşür. QMİ Qazılar Şurası və səlahiyyətli nümayəndələri  bildirir ki, Uca Allahın buyurduqlarına, müqəddəs hədislərə istinadən özünün, yaxınlarının və ətrafındakıların həyat və sağlamlığını təhlükəyə atmamaq hər bir dindarın borcudur. İmanlı insan təkcə öz canının deyil, başqalarının da canının qorunmasından məsul, mükəlləfdir. Dinimiz müxtəlif xəstəliklərə qarşı önləyici  tədbirlərin alınmasına, xüsusilə yoluxucu xəstəliklərə qarşı son dərəcə diqqətli olmağa çağırır. Hər bir insan belə bir təhlükədən özünü gözləməlidir.  Bir yerdə yoluxucu xəstəlik olduğunu bilə-bilə oraya getmək insanın özünü təhlükəyə atması deməkdir. Deməli, belə bir xəstəlik ehtimalı olan yerlərdən uzaq durmaq lazımdır. Yoluxucu xəstəlik olan vəba haqqında Hz. Peyğəmbər belə buyurmuşdur: “Vəbanın ortaya çıxdığını eşitdiyiniz bir yerə getməyin. Əgər olduğunuz yerdə vəba görülərsə, siz də oradan kənara çıxmayın”. Yoluxucu xəstəliklərin geniş yayıldığı şəraitdə yaşayan insanlar bu mövzuda ayıq olmalı, heç bir vəchlə öz həyatını təhlükəyə atmamalıdır. Çünki, həm gündəlik həyatımızdan, həm də tarixdən məlum olduğu kimi yoluxucu xəstəliklər məhz insanların etinasızlığı ucbatından sürətlə yayılmış və bəşəriyyətin bəlasına çevrilmişdir. Heç bir müsəlmanın özünü təhlükəyə atmağa ixtiyarı yoxdur. Çünki bizi yaradan Allah bu canı bizə əmanət olaraq vermişdir və əmanəti sahibinə qaytarana qədər onu qorumaq hər birimizin borcudur. Elə isə bu əmanəti qoruyaq və özümüzü təhlükəyə məruz qoymayaq. Qurani-Kərimdə buyurulduğu kimi: “Öz əlinizlə özünüzü təhlükəyə atmayın” (Bəqərə, 195).

Dövlətimiz tərəfindən görülən zəruri tədbirlərə böyük önəm və dəyər verən biz, din xadimləri hər zaman olduğu kimi, dövlətimizin yanındayıq və onun xalqımızın rifah və tərəqqisi naminə səylərini dəstəkləyir, fəaliyyətinə rəvac diləyirik. Öz növbəmizdə, pandemiyaya dair hökümətimiz tərəfindən müəyyən edilmiş bütün zəruri qaydalara əməl etməli, verilmiş tövsiyələri hər kəsə təlqin etməli, xəstəlik təhlükəsinin qarşısının alınması, tezliklə sovuşması üçün əlimizdən gələni əsirgəməməliyik. Ümidvarıq və dualar edirik ki, Allahın izni ilə bu çətin günlər keçəcək, xalqımız yenidən məscidlərdə ibadət etmək, dini ayin və mərasimlərini kütləvi şəkildə yerinə yetirmək lütfünə qovuşacaqdır, inşallah!

Vətənimiz və millətimizin rifahı üçün Allaha dualar etmək hər zaman hər birimizin mənəvi borcudur. Məhərrəmlik dönəmində də bütün ibadət və dualarımızda Kərbəla şəhidləri ilə yanaşı Qarabağ, Xocalı şəhidlərinin, suverenliyimiz, ərazi bütövlüyümüz uğrunda canlarından keçən bütün Vətən övladlarının əziz xatirəsini yad edir, Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan tezliklə azad olunmasını diləyirik. Vətəni sevmək imandandır. Allah doğma torpağımız uğrunda canlarını fəda etmiş, Peyğəmbər Məhəmməd Salavatullahın mübarək hədisində buyurulduğu kimi, Allah yanında imanın, mənəviyyatın ən yüksək məqamına yüksəlmiş bütün Vətən övladlarına rəhmət eləsin! Allah tezliklə Qarabağımızın işğaldan azad olmasını, Vətən torpağının bütövlüyünün bərpasını bizlərə nəsib etsin, inşallah!

Məhərrəmlik dövründə təziyə ehsanı olaraq imkansız ailələrə, maddi sıxıntı çəkən insanlara ərzaq və ya hər hansı sovqatın çatdırılması Allaha xoş gedən bəyənilən əməldir. Həmçinin, son illər Məhərrəmlik dönəmində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi ən münasib əzadarlıq nümunəsidir. Ümidvarıq ki, inşallah, dindarlarımız bu il də humanist ənənəni davam etdirərək, pandemiya səbəbindən məscidlərdə deyil, ölkəmizin Qan bankının paytaxtda və bölgələrdəki filiallarında ehsan niyyəti ilə qan verəcəklər. Həmin məkanların ünvanları Qafqaz Müsəlmanları İdarəsinin rəsmi veb səhifəsində (www.qafqazislam.com) yerləşdirilmişdir.

Uca Allah xalqımızı, dövlətimizi hifz etsin və möhtərəm dövlət rəhbərimizin Azərbaycan naminə fəaliyyətinə rəvac versin! Amin!”

Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu!