Qobustan Qoruğunda “Yurdda bayram” adlı tərəkəmə festivalı təşkil edilibbackend

“Bizim tariximizin mədəniyyətimizin qədim ənənələrindən biri olan yaylaq qışlaq ənənələrini burada qeyd edirik.

Azərbaycanda ilk dəfədir ki, Tərəkəmə festivalı keçirilir və biz çox sevinirik ki, məhz burada, Qobustandakı qoruğumuzda keçirilir.

Bunu “Yeni Gündəm“-ə açıqlamasında Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov qeyd edib.

Bunun da öz mənası var, belə ki, alimlərin araşdırmalarından görürük ki, yaylaq-qışlaq ənənələri məhz daha çox Qobustanda inkişaf edib və burada indiyədək bu adət-ənənələrini yaşadan insanlar var.
Əlbəttə çox sevinirik ki, insanlar öz adət-ənənələrinə, mədəniyyətinə sahib çıxaraq, onu qoruyub saxlayıb və bu günlərə qədər gətirib çıxarıblar. Bu festivalı da keçirməyimizdə məqsədimiz həmin ənənələri davam etdirmək və bundan sonra da yaşatmaqdır”.
Mədəniyyət naziri bu festivalın hər il keçirilmək arzusunda olduğunu da vurğulayıb:

“Bu festivalı hər il təşkil etmək istəyirik. Bəlkə də növbəti illərdə artıq tək Azərbaycan adət-ənələrini deyil, eyni zamanda bütün türk coğrafiyasını birləşdirən tərəkəmə ənənəlini göstərə biləcəyik. Gələcəkdə keçiriləcək festivallarda digər dövlətlərdən də qonaqlar dəvət etməyi və böyük bir yurd festivalı keçirməyi planlaşdırırıq.

Beləliklə mədəniyyətimiz, adət ənənələrimizlə birliyimizi təmin etmək istəyirik”.
Nazir qeyd edib ki, keçirilən festival tərəkəmə adət-ənələrinin canlandırılması ilə yanaşı turizm sektorunu da cəlb etməyə çalışırlar:
“Hesab edirik ki, festival turistlər üçün də maraqlı olacaq”

“Festivalda xüsusilə diqqətiniz çəkən hansı məqam oldu?” sualına isə bu cür cavab verdi:

“Şəxsən özüm üçün də maraqlı oldu ki, tərəkəmə adət ənənələri hələ də bizim insanlar tərəfindən yaşadılır və qorunur, hətta özləri üçün yaratdıqları yurdlarda yaşayırlar. Eyni zamanda müxtəlif əl işləri görür və digər mədəniyyət, adət-ənənələrini nümayiş etdirirlər.
Bu məni çox sevindirdi. Dövlət olaraq da məqsədimiz ondan ibarətdir ki, sonadək bu adət ənənələrin inkişafını təmin edək”.

Yenigundem.az