Qoca Səmədov şəhidlər üçün yığılan pulları da mənimsəyibbackend

Rüşvət almaqda, dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə təqsirləndirilərək həbs edilən Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun kimdən nə qədər pul alması və rayonun tabeliyində olan müəssisələrdən aylıq nə qədər pul alması məlum olub. Hətta Q.Səmədov “Şəhidlər Fondu” üçün yığılan pulu mənimsəyib. Özü də məhkəmədə bunları etiraf edib.

Qoca Səmədov işsiz vətəndaşların ictimai işlərə cəlb edilib aylıq qazanc əldə edə bilmələri üçün dövlət büdcəsi hesabına ayrılan külli miqdarda əməkhaqqı ələ keçirib. Həmçinin Yevlax şəhərində “Yaşıllaşdırma və işıqlandırma müəssisəsi”nin fəaliyyətinə və digər abadlıq, təmir-tikinti işlərinə cəlb edildiyi rəsmiləşdirilən 133 nəfər heç bir işə cəlb edilmədən və əməkhaqqı almadan, adlarına açılmış əməkhaqqı kartları Qoca Səmədovun işçiləri tərəfindən digər rayonlardakı bankomatlarda nağdlaşdırılaraq 236 000 manat şəxsən Qoca Səmədova təqdim edilib.

2017-2019-cu illərdə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına Yevlax şəhərində abadlıq, təmir-tikinti işlərini həyata keçirmək adı ilə müxtəlif şirkətlərin hesablarına köçürülmüş 616 000 manat vəsait heç bir iş görülmədən Qoca Səmədovun tapşırığı ilə şirkət rəhbərləri tərəfindən nağdlaşdırılaraq ona şəxsən qaytarılmaqla təkrarən mənimsənilib.

Şəhər icra hakimiyyəti və əlaqəli strukturlarda çalışan işçilərin əməkhaqqından təsis etdiyi Şəhid ailələrinə və müharibə əlillərinə yardım Fonduna könüllü ödəmə adı altında hər ay faiz tutulub, yığılan pulun hər ay 8 000 manatadək olan əsas hissəsi Qoca Səmədova şəxsən təqdim edilib.

Qoca Səmədov İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin baş memarı Xalid Əhmədovun vasitəçiliyi ilə vətəndaşlar tərəfindən müxtəlif təyinatlı tikintilərin aparılması üçün zəruri olan sənədləşmə işləri və digər əsaslarla ümumilikdə 44 fiziki və hüquqi şəxsdən müxtəlif məbləğlərdə külli miqdarda rüşvət tələb edərək alıb.

Məhkəmədə ifadə verən zərərçəkmiş şəxslər onlara dəyən maddi ziyanın Qoca Səmədov tərəfindən ödənilməsini xahiş ediblər.

Şahidlərdən biri öz ifadəsində bildirib ki, evlərinin birinci mərtəbəsini ticarət obyekti kimi işlətmək üçün lazım olan icazə sənədi əldə etməkdən ötrü icra hakimiyyətinin başçısına pul verib:

“Atam həyətyanı torpaq sahəmizdə tikilən fərdi evin birinci mərtəbəsini ticarət obyekti kimi işlətmək istəyirdi. Müəyyən tikinti işlərinin aparılması üçün icra hakimiyyətindən icazə almaq lazım gəlirdi. Atam bu məqsədlə icra hakimiyyətinin baş memarı Xalid müəllimə müraciət etdi. İcazə sənədi almaq üçün bizdən 2000 manat pul tələb etdilər və atam həmin pulu verdi”.

Şahidlərdən bir başqası isə öz ifadəsində bildirib ki, Qoca Səmədov ilə tanış olduğuna görə ona iş üçün müraciət edənlərə pul müqabilində köməklik edib:

“Fərid adlı bir nəfər mənə müraciət etdi ki, onu işə düzəldim. Bir də onun yaxın qohumu da iş üçün müraciət etmişdi. Mən də Qoca Səmədovu çoxdan tanıyırdım. Ondan bu iki nəfəri işlə təmin etməsini xahiş etdim. Həmin şəxslərin işə qəbul olunması üçün birindən 10 000 manat, digərindən isə 8000 manat pul alıb Qoca müəllimin özünə verdim”.

Yevlax şəhər İcra Hakimiyyətinin tabeliyində olan müəssisədə işləyən Sevinc Quliyeva (ad və soyad şərtidir) bildirib ki, burada işləməyə 2014-cü ildə başlayıb. Hazırda baş mühasib vəzifəsində işləyən şahid deyib ki, fərqli vaxtlarda işə davamiyyətləri olmayan işçilərin adları əsassız olaraq müəssisənin “İş vaxtının uçotu” tabellərinə əlavə edilib:

“2016-cı ildən başlayaraq müddətli müqavilə ilə işə götürülən işçilərin müxtəlif aylarda maaşları hesablanaraq cəmi 222 243 manat məbləğində əməkhaqqı onların bank hesablarına köçürülüb. Daha sonra mən və başqa işçilər bu əməkhaqqları nağdlaşdırılaraq Qoca Səmədova çatdırmışıq. Bu müxtəlif vaxtlarda baş verib. Müəyyən işçilər işə qəbul olunub, bir neçə ay işləyərək işdən çıxıb, daha sonra digər şəxslər işə qəbul olublar. Amma bu proses davamlı olub. Yəni bilavasitə Qoca Səmədovun göstərişi ilə müəssisəyə müxtəlif vaxtlarda müqavilə ilə işçilər götürülüb. Onlar real olaraq işə gəlməyib. Əmək haqqı kartları mühasibatlıqda olub. Onların maaşları hər ay Qoca Səmədova çatdırılırdı”.

Məhkəmə iclasında ifadə verən Yevlax şəhər 8 saylı Körpələr evi-uşaq baxçasının müdiri bildirib ki, Qoca Səmədov onlara tapşırıq verib ki, baxçanın ştat cədvəlində olan işçilərin əmək haqlarından hər ay “Şəhidlər fondu” üzvlük haqqına görə köçürmələr edilsin:

“Şəhidlər fondu”na 2014-cü il ərzində 121, 2015-ci il ərzində 101, 2016-cı il ərzində 109, 2017-ci il ərzində 118, 2018-ci il ərzində 66, 2019-cu il ərzində isə 55, toplam olaraq isə 2014-2019-cu illər ərzində 572 manat məbləğində pul köçürmüşük. Bütün bu pullar da Qoca Səmədova çatıb”.

Məhkəmə istintaqı zamanı ifadə verən Qoca Səmədov bütün ittihamları qəbul edərək özünü təqsirli bilib:

“Düzdü, rüşvət almışam. Amma rüşvəti aldığım adamların adı və pulun məbləği yadımda qalmayıb. Mən işlədiyim müddətdə ehtiyacı olan insanlara 500-1000 manat dəyərində pul vermişəm. Şəhərin abadlaşdırılması işlərini də həyata keçirmişəm. Yevlax şəhəri hava limanından Yevlax şəhərinə gəlmək üçün qəsəbənin küçələrin kənarlarında divar düzəltdirib, 30-a yaxın evin üstünü, 60-70 ədəd evin darvazasını dəyişdirtmişəm. Çənlibeldən – Nizami prospektinə qədər olan yolda 5 dəfə asfalt yol çəkilib. Həmçinin Yevlax şəhərinin şoranlıq hissəsində Səməd Vurğun parkı salınıb, fiziki qüsurlu şəxslər üçün 3 mərtəbəli bina tikib vermişəm”.

Gördüyü abadlıq işlərinə nə qədər pul xərclədiyini deyə bilməyən Qoca Səmədov qeyd edib ki, bu işləri həyata keçirmək üçün büdcədən nə qədər pul ayrıldığını da bilmir:

“Yol verdiyim nöqsanlara görə çox peşmanam. Etiraz etdiyim heç nə yoxdur. Sadəcə xəstəliyimin nəzərə almağını məhkəmədən xahiş edirəm”.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qoca Səmədov 07 il 3 ay 5 gün müddətə azadlıqdan məhrum edilib.

Kriminalqafqaz