Qorxmaz Hüseynovu 14 il HƏBS gözləyir?backend

Xəbər verildiyi kimi Hesablama Palatası “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin icra etdiyi “Bakı şəhərinin Pirşağı qəsəbəsində Çirkab Sularının Təmizlənməsi Qurğusu” layihəsinin audit nəticələrində ciddi nöqsanlar ortaya çıxarıb.

Belə ki, ümumi dəyəri 72,02 mln. ABŞ dolları olan layihənin düzgün icra edilmədiyi, kənar texniki şəraitin yaradılması üzrə zəruri maliyyələşdirilmənin aparılmadığı, bir sözlə layihənin səmərəsiz icra edildiyi üzə çıxıb. Konkret olaraq isə qurğunun xidmət edəcəyi ərazidə illik ən azı 35 milyon manatdan artıq miqdarda vəsaitin itkisi ortaya çıxıb.

Palatanın rəyinə əsasən, sözügedən qurğu zəmanət sınaqları keçirilmədən istismara qəbul edilib. Bu isə qurğunun hazırda və yaxın gələcəkdə tam gücü ilə təyinatı üzrə işləməsinin mümkünsüzlüyünü gündəmə gətirib.

Hesablama Palatası daha bir nöqsanı ortaya çıxarıb. Məlum olub ki, “Bakı şəhərinin Pirşağı qəsəbəsində Çirkab Sularının Təmizlənməsi Qurğusu” layihəsinə xərclənmiş vəsaitlərin uçotunda və qiymətləndirmələrdə qeyri-dəqiqliklər aparılıb.

Dəyəri 72,02 mln. ABŞ dolları olan layihənin səmərəsiz icrası ilə bağlı cavabdeh qurumun və şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi hələ də aktual olaraq qalır.

Həmçinin, Hesablama Palatasının “Azərsu” ASC-nin fəaliyyətində aşkarladığı nöqsanlarla əlaqədar prosesin hüquqi müstəvidə necə davam etdirilməsi də maraqlıdır.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas-ekspert Əkrəm Həsənov qeyd edib ki, Hesablama Palatasının nöqsan və yeyinti ilə bağlı rəyi varsa, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi cinayət işi açmalıdır:

“Orada bir neçə – vəzifədən sui-istifadə, talama və ya rüşvətlə bağlı cinayət işi də qaldırıla bilər. Əvvəlcə buna kimin və ya kimlərin yol verdiyi müəyyən edilməlidir. Çox güman ki, bu məsələdə çoxlu sayda insanın əli var. İlk növbədə istintaq hərəkətləri başlamalı və təqsirkarlar cinayət məsuliyyətinə cəlb olunmalıdır.

Amma əvvəlki təcrübə də göstərir ki, Hesablama Palatasının belə yoxlamaları elan olunur, sonra nəticəsi barədə ictimaiyyətə heç bir məlumat verilmir. Kim məsuliyyətə cəlb olunub?

Bir qayda olaraq belə məsələlərə reaksiya yoxdur. Bu, özü də əsaslı şübhələr yaradır. Ona görə də bu cür məsələləri nəzarətdə saxlayıb nəticəsi barədə cavabdehləri vaxtaşırı sorğulamaq lazımdır. Heç olmasa ilkin olaraq istintaq başlaması barədə məlumat verilməlidir. 6 ay sonra məsələ ilə bağlı nəticə olmasa, bu, o deməkdir ki, işi ört-basdır etdilər”.

Bizim.Media “Bakı şəhərinin Pirşağı qəsəbəsində Çirkab Sularının Təmizlənməsi Qurğusu” layihəsinin hansı dövrdə həyata keçirilməsi ilə bağlı araşdırma aparıb. Məlum olub ki, çirkab sularının təmizlənməsi üçün qurğunun inşasına 2017-ci ildə başlanıb. Layihə üçün Koreyanın İxrac-İdxal Bankı 43,5 milyon dollar kredit ayırıb.

Ümumi dəyəri 72,02 mln. ABŞ dollar olan layihənin qalan hissəsini Azərbaycan hökuməti maliyyələşdirib. İşin 20 faizi görülüb və qurğunun inşaasının 2018-ci ildə başa çatdırılması planlaşdırılıb. Sonradan nəticə barədə ictimaiyyətə heç bir açıqlama verilməyib.

Qeyd edək ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Qorxmaz Hüseynov 2021-ci ildə vəzifəsindən uzaqlaşdırılıb. Bu sə o deməkdir ki, bəhs etdiyimiz layihənin icrası ilə bağlı dövrdə “Azərsu” ASC-yə Qorxmaz Hüseynov rəhbərlik edirdi. Əkrəm Həsənovun əlavəsinə görə məlum yeyinti faktorunda həm Qorxmaz Hüseynov, həm də ondan sonra “Azərsu” ASC-nin rəhbər səlahiyyətlərini icra edən şəxs məsuliyyət daşıyır.

Məlumat üçün bildirək ki, Hesablama Palatası keçirdiyi yoxlama və nəticəsi barədə rəyi Baş Prokurorluğa göndərilməli, araşdırma aparılmalı, fakt öz əksini tapdığı təqdirdə Cinayət Məcəlləsinin 179-cu maddəsinin 4-cü hissəsi ilə cinayət işi başladılmalıdır.

Cinayət Məcəlləsinin 179-cu maddəsinə əsasən mənimsəmə və israf edilmədə məbləğ 500 min manatdan yuxarı olduqda küllü miqdarda ziyan vurmaqla cinayətin törədilməsi hesab edilir.

Bu isə 10 ildən 14 ilə kimi müddətdə azadlıqdan məhrum edilmə ilə cəzalandırılma deməkdir.

“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı isə Bizim.Media-ya sözügedən məsələ ilə bağlı açıqlama vermək istəmədiyini bildirib.