Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan beynəlxalq arenada mühüm rol oynayırbackend

Müasir dünyada problemlərin birgə həllinin tapılması, sülhə, təhlükəsizliyə, davamlı inkişafa dəstək üçün ölkələr arasında əməkdaşlığın qurulması çox vacibdir. Bu baxımdan Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı son illər ölkələr arasında çox uğurlu əməkdaşlıq platformasına çevrilmişdir. Sülhün, təhlükəsizliyin, beynəlxalq hüququn və ədalətin gücləndirilməsinə töhfə vermək üçün Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatı ailəsinə qoşulmaq qərarına gəldi. Qısa müddət ərzində Azərbaycan Hərəkatın üzvləri arasında böyük etimad və hörmət qazandı, 2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının sədri seçildi.

Üzvlərinin sayına görə Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra dünyanın ən böyük beynəlxalq qurumudur. Qoşulmama Hərəkatının Azərbaycan üçün önəmini artıran amillərdən biri də bu təşkilatın prinsiplərinin ölkəmizin xarici siyasət prioritetləri ilə tam üst-üstə düşməsidir. Hərəkat dövlətlərin ərazi bütövlüyü məsələsində birmənalı mövqe nümayiş etdirir, beynəlxalq hüququn təməl prinsiplərindən çıxış edir. Azərbaycanın Qoşulmama Hərəkatında üzvlüyünün ilk günlərindən bu təşkilat ölkəmizin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə dəstəkləyib, qəbul olunmuş bütün sənədlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini məhz həmin prinsiplər əsasında nizamlamağa çağırıb. Bu fakt 2019-cu ilin iyul ayında Qoşulmama Hərəkatı təşkilatının Nazirlər Şurasının iclasında qəbul olunmuş yekun sənəddə də öz əksini tapıb. Nəticə etibarilə, dünyanın 120 dövləti, yəni, planetin təqribən üçdəiki hissəsi Azərbaycanın ədalətli mövqeyinə öz dəstəyini ifadə edib. Öz xarici siyasətində heç bir hərbi alyansa qoşulmamaq istiqamətini seçmiş Azərbaycan Respublikası 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür. Azərbaycan bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan balanslı siyasət həyata keçirir. Bu səbəbdən ölkəmiz müşahidəçi statusuna malik olduğu Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv olmaq qərarını verib. Azərbaycan Qoşulmama Hərəkatının müxtəlif səviyyəli iclas və konfranslarında iştirak etmək və üzv ölkələrlə ikitərəfli münasibətlərini sıxlaşdırmaqla bu qurumun məqsəd və prinsiplərinə öz töhfəsini verir. Prezident cənab İlham Əliyevin də qeyd etdiyi kimi, “Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana həvalə edilməsi bizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür”. Qoşulmama Hərəkatının Azərbaycan üçün önəmini artıran amillərdən biri də bu təşkilatın prinsiplərinin ölkəmizin xarici siyasət prioritetləri ilə tam üst-üstə düşməsidir. Azərbaycanın Hərəkata sədrlik etməsi dövlətimizin qlobal proseslərdəki rolunu və nüfuzunu daha da artıracaq, beynəlxalq müstəvidə mövqelərimizi möhkəmləndirəcək, ölkəmizin iqtisadi inkişafına öz töhfəsini verəcək, qeyri-neft sektorunun və ixrac potensialımızın yüksəlişinə geniş imkanlar açacaq. Böyük siyasi iradəyə, diplomatik bacarığa malik dövlətimizin başçısının ədalətli və düzgün siyasəti Azərbaycanı gələcəyə doğru aparır.

Suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi prinsipləri özündə ehtiva edən tarixi Bandunq prinsipləri Qoşulmama Hərəkatının təməlində dayanır. Bu prinsiplər müasir beynəlxalq münasibətlərdə aktual və vacib olaraq qalır. Əgər bütün ölkələr Bandunq prinsiplərinə riayət etsəydilər, onda biz dünyada müharibələr və münaqişələr görməzdik. Azərbaycan bütün ölkələrin suverenliyi və ərazi bütövlüyü prinsiplərini tam dəstəkləyir.

Azərbayacan Respublikası hazırda bu siyasi təşkilata rəhbərlik edən ən aparıcı dövlətdir. Azərbayacan Respublikasının Prezidenti, cənab İlham Əliyev bu təşkilatın ali kürsüsündən dəfələrlə çıxış etmiş, Azərbaycanın haqq səsini dünyaya çatdırmışdır. Qoşulmama Hərakatının onlayn Zirvə toplantısı ölkəmizin rəhbərliyi ilə keçirilmişdir. 2020-ci ilin dekabr ayında keçirilən toplantıda BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsü irəli sürülmüşdür. Dövlətimizin 120 ölkənin yekdil qərarına əsasən sədrlik etməsi və bu vaxtın 2023-cü ilin axırına kimi uzadılması, fəaliyyətimizə verilən qiymətlərdən biridir. Azərbaycan 2023-cü ilə qədər bu siyasi təşkilata sədrlik edəcəkdir. Hazırda Qoşulmama hərəkatının ən fəal üzvlərindən biri də Ərəb Dövlətləri Liqasının üzvləridir. Azərbaycan dövləti Ərəb dövlətləri Liqasının üzvü olan dövlətlərlə tarixi dostluq və tərəfdaşlıq münasibətlərini yeni formada təşkil edir və genişləndirir. Hazırda 120 üzvü olan Qoşulmama Hərəkatının gələcəkdə daha çox üzv dövlətlərin olacağına, Azərbaycan dövlətinin bu siyasi təşkilatın həyatında ciddi bir qüvvə olacağına inanır və ümid edirik.

Nəsimi rayon sakini Hüseynli Billurə