Qubanın asma körpüsü niyə ödənişlidir? – VİDEObackend

Quba rayonunun Qəçrəş kəndindəki asma körpüdən keçmək üçün ödəniş tələb olunur. Bu barədə tez-tez sosial şəbəkələrdə xəbərlərə və narazılıqlara rast gəlinir.

Qudyalçayın üzərində yerləşən asma körpünün tarixi 70 il bundan öncəyə gedib çıxır. Turistlərin diqqətini çəkən bu körpü əvvəllər ödənişsiz olsa da, hazırda buradan qarşı tərəfə keçmək istəyən turistlər adambaşına 1 manat ödəyir. Körpünün üstündə bununla bağlı məlumat da yazılıb, əraziyə nəzarətçi qoyulub.

Uzunluğu 100, çay yatağından hündürlüyü 9 metrə kimi olan bu körpüdən istifadə üçün böyüklərlə yanaşı, azyaşlılardan da ödəniş alınır.

Çəkiliş zamanı narazılıq edənlərlə yanaşı, bu xidmətdən razı qalanlar da oldu, xüsusilə də kənd sakinləri.

Sakinlərin bildirdiyinə görə, əvvəllər istifadə etdikləri körpülər dəfələrlə sel sularına tuş gələrək uçub və ərazidən keçmək mümkünsüz olub. İllərdir yerli qurumlara olunan müraciətlər isə cavabsız qalıb, sahibkar isə ərazini özəlləşdirib və körpünü yenidən tikib.

Ərazidəki nəzarətçinin sözlərinə görə, sahibkar körpünün təmirinə 50 min manata qədər xərc çəkib, buna görə də körpünü ödənişli edib.

Mütəxəsislər isə bildirir ki, turistlərə ödəniş qəbzi verilmirsə, bu, qanunsuz hesab olunur.