Qulaqlıqdan istifadə edənlərin nəzərinəbackend

Alimlərin apardıqları araşdırma qulaqlıqlardan istifadə nəticəsində 1 milyarddan çox insanın eşitmə itkisi riski altında olduğunu ortaya çıxarıb.

Elmi tədqiqatın nəticələri “BMJ Global Health”da dərc olunub.

Araşdırmaya görə, qulaqlıqdan istifadə gənclərdə eşitmə qabiliyyətinin itirilməsinə səbəb olur. Qeyd edilir ki, bu səbəbdən gələcəkdə bir çox insan eşitmə qabiliyyətini itirəcək.

Tədqiqatçılar bu qənaətə gəiblər ki, yüksək səs qulağa zərər verir. Qulaqlıqla musiqi dinləməyin və konsertdə yüksək səsin erkən yaşlarda eşitmə qabiliyyətinin itirilməsinə səbəb ola biləcəyini vurğulayan alimlər 12-34 yaş arası şəxslərin qulaqlıqdan sağlamlığa zərərli şəkildə istifadə etdiyini ortaya çıxarıblar.

Cənubi Karolina Universitetinin tədqiqatçısı Lauran Dillard yüksək səsin duyğu hüceyrələrini zədələdiyini və qulağa təhlükə törətdiyini bildirib. Dillard, yüksək səsə məruz qalmanın davam etdiyi təqdirdə qulağın ağır zədələndiyini və insanın eşitmə qabiliyətindən məhrum olduğunu vurğulayıb.

Mütəxəssislər, qulaqlıqlı telefonda dinlənilən musiqinin səsinin 105 desibelə çata biləcəyini, konsert məkanlarında orta səs səviyyəsinin isə 104-112 desibel arasında olduğunu bildiriblər.

Alimlər tövsiyə edirlər ki, eşitmə sağlamlığı üçün musiqi təhlükəsiz səsdə dinlənilməli və səs insan sağlamlığı üçün təhlükəsiz səviyyədə saxlanılmalıdır.

Tədqiqatçılar hesab edirlər ki, qulaqlıqdan istifadəni tamamilə aradan qaldırmaq əvəzinə bəzi ehtiyat tədbirləri görülməlidir.

Tinnitusun (qulaqlarda səs-küy, yəni xaricdə səs olmadan qulaqlarda səs-küyün eşidilməsi – red.), musiqi səviyyəsinin çox yüksək olmasının eşitmə qabiliyyəti üçün ciddi əlamət olduğunu ifadə edən mütəxəssislər, bəzi telefonlarda səsi tənzimləmək funksiyasının mövcudluğunu diqqətə çatdırıblar.

Qeyd edilir ki, dinləmə müddətini və səsi azaltmaq eşitmə qabiliyyəti itkisinin qarşısını almaq üçün ən yaxşı tədbirdir./Report