Quru sərhədlərin bağlı olması turizmə necə təsir edir?backend

Quru sərhədlərin bağlı olması turizm sahəsində də geriləməyə səbəb olub. Hər il ölkəmizə qonşu dövlətlərdən gələn turistlərin 50%-dən çoxu quru yolla gəlir. Statistikaya görə, pandemiyadan öncə, yəni 2019-cu ildə Azərbaycana 3 milyon 170 min xarici vətəndaş gəlib. Onların 2,9 milyonu turistdir. Bu, onu deməyə əsas verir ki, turizmin canlanmasını istəyiriksə, quru sərhədləri tez zamanda açmalıyıq. Quru sərhədlərin iyunun 14-də açılması ilə bağlı yayılan iddialar da özünü doğrultmadı. Operativ Qərargah isə bu məsələyə hələ də münasibət bildirmək istəmir.

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri, turizm eksperti Ruslan Quliyev Pravda.az-a açıqlamasında bildirib ki, quru sərhədlərin açılması turizmə çox böyük təkan vermiş olacaq: “Proqnozlar göstərir ki, 2021-ci il ümid və bərpa ili idi. 2022-ci ildə də mərhələli açılma prosesi öz töhvəsini verir. Ümidvarıq, ilkin mərhələdə Gürcüstan sərhədi açılarsa, Türkiyə ilə əlaqələr turizm baxımından da başqa bir müstəviyə keçəcək. Quru sərhədlər açılsa, bu qərar ilin sonuna qədər statistik göstəricilərdə də öz müsbət rolunu oyanayacaq”.