Qusarda “Gələcəyi məhv edən bəla” adlı tədbir keçirilibbackend

Dünən Qusar rayon Tarix – Diyarşünaslıq muzeyin akt zalında “Gələcəyi məhv edən bəla” adlı tədbir keçirilib.Tədbirdə muzeyin kollektivi ilə yanaşı Qusar rayon RPŞ -nin Narkotiklərlə Mübarizə Qrupunun Baş əməliyyat müvəkkili, polis mayor Nəriman Müzəffərov, gənc hüquqşünas Samirə Qasımova və rayon müəssisə əməkdaşlari da iştirak ediblər.Tədbirdə Narkotik və zərərli vərdişlərin cəmiyyətə və insan həyatına vurduğu ziyanları vurğulanmış , bu sahədə maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışılıb. Eləcə də narkotik və zərərli vərdişlərin asılılığına çevirilmiş insanların ətrafa verdiyini ziyan qeyd olunub.

“Yeni Gundem “-in məlumatına görə,tədbirdə gənc hüquqşünas Samira Qasımova çıxış edib.

“Hər kəsi salamlayıram.

Bilirsiz ki, müasir dövrdə cəmiyyəti düşündürən və narahat edən problemlərdən biri də bəşəriyyətin ciddi bəlasına çevrilən narkomaniyadır.

Onun vurduğu saysız-hesabsız ziyanın həcmi çox böyükdür və praktiki olaraq, heç bir ölçüyə sığmır.Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur, həyata proseslərə qarşı laqeydlik yaradır,sosial münasibətlərə mənfi təsir göstərir. Narkomaniya orqanizmin zəifləməsinə bədənin arıqlamasına və fiziki gücün düşməsinə gətirib çıxarır. Orqanizmin zəhərlənməsi daxili orqanların, xüsusən də qara ciyər və böyrəklərin funksiyalarını pozur.

Bu bir növ bataqlığa bənzəyir ki, insan o bataqlığa düşür və sonra oradan çıxmaq üçün çırpınır, amma əksinə, hər hərəkətində daha da batır. İnsan orqanizminə, sağlamlığına, mənəviyyatına ən sağalmaz zərbələr vuran narkomanlıq və narkotiklərə aludəçilik ən xoşagəlməz vərdiş kimi qəbul edilmişdir. Bu problemin ictimai təhlükəli olması isə ondan ibarətdir ki, bu həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və günü-gündən artır.

Əksər vaxtlarda narkotik alverçiləri, məhz məktəbliləri hədəf olaraq seçirlər. Çünki hələ gözləri həyata təzəcə açılan, yaxşı ilə pisi bir-birindən hələ ayırd edə bilməyən yeniyetmə və gənclər, narkotik alverçilərinin toruna asanlıqla düşə bilirlər. Narkomaniya gənclərin düçar ola biləcəyi ən böyük fəlakətdir. .

Çox təəssüf ki, son vaxtlar məktəblilər arasında narkomaniyaya olan marağın artması narkotik alverçilərinin məktəb həyətlərinə “yol açmaları”na səbəb olur. Məktəb-valideyn əlaqələrinin olmaması, yenicə həyata atılan uşaq və yeniyetmələri kompassız gəmi kimi həyatın burulğanına aparır. Elə bir burulğana ki, oradan qayıdış möcüzəyə bağlıdır, yaxud çox vaxt heç mümkün də deyil.

Bu bəladan qurtulmağın müxtəlif yolları vardır. Ancaq məqsəd bu xəstəliyə, bu bəlaya, “ağ ölümə” yoluxmadan qarşısını almaqdır.

Narkomaniyanın qarşısının alınmasının əsas məqsədi sağlam mühit və sağlam gələcək yaratmaqdır. Sağlamlıq dedikdə yalnız fiziki sağlamlıq deyil, həmçinin psixoloji sağlamlıq nəzərdə tutulur. Bunun üçün valideyn və övlad arasında düzgün münasibətlərin qurulması, düzgün qidalanma, iş və asudə vaxtın səmərəli təşkili, idmanla məşğul olmaq və şəxsi gigiyenaya fikir verilməsi kimi əsas məqamlara xüsusi diqqət yetirmək gərəkdir. Narkotik maddə təkcə onu qəbul edən adami mehv etmir, onun ailə üzvlərinin də sağlamlığına mənfi təsir göstərir.

İnsanın fiziki, psixi və sosial rifahı üçün onun sağlam olması mütləqdir. Biz hamımız canlıyıq, şüurluyuq və nəyin düz, nəyin səhv olduğunu düşünə, təhlil edə bilərik. Yetər ki, sağlam olmağı, sağlam təfəkkürə, sağlam ruha sahib olmağı istəyək.

İstək varsa, inam varsa, zərərli, insanı məhv edəcək vərdişlərdən uzaq durmağı mütləq bacararıq.

Bu məsələ bütün yük yanlız dövlət qurumlarının üzərinə düşməməlidir. Bütöv cəmiyyət olaraq bu ağrılı məsələyə həssas yanaşmalı, hər birimizin üzərinə düşən bu böyük məsuliyyəti dərindən hiss etməli və birgə mübarizə aparmalıyıq.

Öz ailəmizi, əzizlərimizi, ümumilikdə xalqımızı bu bəladan qoruyaq”,- deyə o qeyd edib.

Tədbir sənədli filmin nümayişi ilə yekunlaşıb.