Quterreş BMT Təhlükəsizlik Şurasından Suriyaya humanitar yardımın daha bir il müddətinə uzadılmasını xahiş edibbackend

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Suriyaya humanitar yardımın daha bir il müddətinə uzadılmasının həyati əhəmiyyət daşıdığını bildirib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə baş katib Suriyadakı humanitar vəziyyətlə bağlı Nyu-Yorkda keçirilən BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) iclasında danışıb.

“Suriyada milyonlarla uşaq, qadın və kişinin humanitar vəziyyəti ağır olaraq davam edir. 14,6 milyon insanın humanitar yardıma ehtiyacı var. Əhalinin 90 faizi yoxsulluq içində yaşayır, ölkənin infrastrukturu münaqişələr nəticəsində dağıdılıb, iqtisadi aktivlik yarıya enib, insanlar uçurumun kənarında yaşayır. Suriya xalqına 4,4 milyard dollar, bölgədəki qaçqınlara dəstək üçün isə 5,6 milyard dollara ehtiyac olduğunu bildirib”,- deyə BMT-nin baş katibi bildirib.

Quterreş onu da vurğulayıb ki, Suriyadakı insan faciəsinə həqiqətən son qoymağın yeganə yolu ümummilli atəşkəs və Suriya xalqının öz gələcəyini təyin etməsinə imkan verəcək siyasi həll yoludur. Yardım proqramının uzadılması ilə bağlı qərar Şuranın beş daimi üzvündən (Rusiya, Çin, ABŞ, Fransa və Böyük Britaniya) heç birinin etiraz etməməsi şərti ilə Şuranın ən azı 9 üzvünün təsdiqini tələb edir.