Rafiq Nişanov vəfat etdibackend

Özbəkistan Kommunist Partiyasının keçmiş rəhbəri, SSRİ Ali Soveti Millətlər Sovetininn sabiq sədri Rafiq Nişanov 96 yaşında vəfat edib.

Bu barədə yanvarın 13-də ailəsinə yaxın olan Özbəkistan jurnalistikasının veteranı Rahimjon Sultanov məlumat verib.

Onun sözlərinə görə, Rafiq Nişanov 1989-cu ildən Moskvada yaşayırmış və orada ölüb.

Bildirilib ki, onun harada dəfn olunacağı ilə bağlı qərarı ailəsi verəcək. Həyat yoldaşı Cenevrədə dəfn olunub. Nişanovun Cenevrədə, yoxsa Özbəkistanda dəfn ediləcəyi məlum deyil.

Qeyd edək ki, R.Nişanov 1926-cı il yanvarın 15-də anadan olub. Daşkənd Pedaqoji İnstitutunu bitirib. Tarix elmləri namizədi olub. 1951-ci ildən Özbəkistan SSR-də partiya funksioneri işləyib. 1970-ci ildə SSRİ-nin Şri-Lankada, eyni zamanda Maldiv Respublikasında fövqəladə və səlahiyyətli səfiri kimi diplomatik fəaliyyət göstərib. 1978-ci ildə isə SSRİ-nin İordaniyadakı səfiri işləyib. 1986-cı il dekabrın 9-dan 1988-ci il aprelin 9-dək Özbəkistan SSR Ali Soveti Rəyasət Heyətinin sədri, eyni zamanda 1987-ci il iyunun 29-dan 1988-ci il mayın 24-dək Ali Sovetin Rəyasət Heyəti sədrinin müavini olub. 1988-ci ilin yanvarında Özbəkistan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinə rəhbərlik edib, 1988-ci il mayın sonundan 1989-cu il mayın 25-dək SSRİ Ali Soveti Rəyasət Heyətinin üzvü olub. 1989-cu ilin iyununda Nişanov SSRİ Ali Sovetinin Millətlər Sovetinin sədri seçilib. 1991-ci ilin sentyabrında SSRİ Prezidentinin müşaviri vəzifəsini tutub./Report