Ramil Usubovun 74 yaşı tamam olurbackend

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun doğum günüdür.

“Yeni Gundem” Sabiq daxili işlər nazirinin tərcüməyi-halı ilə bağlı məlumat əldə edib.

Ramil İdris oğlu Usubov 1948-ci il dekabrın 22-də Xocalı şəhərində İdris və Rəna Usubovların ailəsində anadan olmuşdur. 1966-cı ildən 1968-ci ilə qədər Sovet İttifaqı Silahlı Qüvvələrinin Şərqi Almaniyada yerləşən hərbi bazaların birində həqiqi hərbi xidmətdə olan Ramil Usubov 1972-ci ildə N. Rzayev adına Bakı Xüsusi Orta Milis Məktəbini bitirmişdir.

Ramil Usubov 1970-ci ildə daxili işlər orqanlarında xidmət etməyə başlamışdır. Cinayət-axtarış strukturlarında xidmət aparmış, 1975-ci ildən 1980-ci ilə qədər Şuşa rayon Polis Şöbəsində cinayət axtarış bölməsinin rəisi, 1980–1984-cü illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini, 1984–1987-ci illərdə isə Əli-Bayramlı (hazırkı Şirvan) şəhər-rayon polis şöbəsinin rəisi vəzifələrdə çalışmışdır.1987-ci ildə Ramil Usubov Naxçıvan MSSR daxili işlər naziri vəzifəsinə təyin edilmiş, 1989-cu ilədək bu vəzifədə işləmişdir. Həmin ildən 1991-ci ilə qədər Azərbaycan SSR Daxili İşlər Nazirliyi Cinayət Axtarış İdarəsinin rəisi, 1991–1992-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pasport, Viza və Qeydiyyat İdarəsinin rəisi, 1992–1993-cü illərdə isə burada Kadrlar İdarəsinin şöbə rəisi olmuşdur.

Ramil Usubov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 avqust 1993-cü il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası daxili işlər naziri, Azərbaycan Respublikası Prezidentinin 29 aprel 1994-cü il tarixli 140 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilmişdir.

Azərbaycan Respublikasının Prezidentinin 3 may 1994-cü il tarixli 144 nömrəli Fərmanı ilə Ramil Usubova general-mayor, 26 dekabr 1995-ci il tarixli 418 nömrəli Fərmanı ilə general-leytenant, 15 yanvar 2002-ci il tarixli 637 nömrəli Fərmanı ilə general-polkovnik hərbi rütbəsi verilmişdir.

Ramil Usubov 20 iyun 2019-cu ildə Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilmiş və həmin tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin edilmişdir.

Qeyd edək ki,Ramil Usubovun 3 övladı var.

Fərahim RƏHİMOV