Rasim Məmmədov Əvəz Zeynallının işində ifadə verib: “O, jurnalist deyil, cinayətkardır”backend

“Baku Steel Company”nin sabiq rəhbəri Rasim Məmmədov “Xural” TV-nin həbsdə olan rəhbəri Əvəz Zeynallının işinə münasibət bildirib.

“Yeni Gündəm” haqqın.az-a istinadən bildirir ki, Rasim Məmmədov Əvəz Zeynallı tərəfindən təhdid olunduğunu deyib.

“Əvəz Zeynallı uzun müddət  məni və ailə üzvlərimi müxtəlif yollarla şantaj edib, pul tələb edib. Bununla bağlı rəsmi şəkildə şikayət edirəm”, – deyə Rasim Məmmədov bildirib.

Bu çıxışdan dərhal sonra dövlət ittihamçısı çıxış edib və o, Rasim Məmmədovun çıxışlarının bu hissəsinin Baş Prokurorluğa göndərilməsi barədə vəsatət verib. Dövlət ittihamçısı qeyd edib ki, Rasim Məmmədov Əvəz Zeynallının işi üzrə yaranmış yeni hallarla bağlı dindirilməlidir.

Rasim Məmmədov hakimə və tamaşaçılara da müraciət edib: “Əvəz Zeynallı çürük ağacdan düşmüş çürük almadır”.

Xatırladaq ki, sentyabrın 10-da saxlanılan jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Təcridxanasına aparılıb.

Sentyabrın 11-i saat 4 radələrində hər iki şəxs barəsində Binəqədi Rayon Məhkəməsi tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək  ki, Əvəz Zeynallı barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma), Elçin Sadıqov barəsində isə 32,311.3.3 (külli miqdarda rüşvət almada iştirakçılıq) maddəsilə cinayət işi başlanıb. Onlar “Baku Steel Company” poladəritmə zavodunun keçmiş rəhbəri Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham olunur.