backend
Yalnız Rasim Ocaqov kimi böyük, istedadlı rejisor bir-birindən fərqli, ayrı sujet xətləri olan filmləri yarada bilərdi.
Tanınmış Azərbaycan rejisoru, kinorejissoru, ssenaristi, Azərbaycanın xalq artisti Rasim Ocaqovun doğum günüdür.
Rasim Ocaqov 1933-cü il noyabr ayının 22-də qədim Azərbaycan diyarı – Şəkidə anadan olub. 1951-1956-cı illərdə Moskvada Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin Kinooperatorluq fakültəsində təhsil alıb. Daha sonra M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İinsitutunun Rejissorluq fakültəsini bitirib. 1956-cı ildən “Azərbaycanfilm” kinostudiyasında quruluşçu-operator, 1973-cü ildən quruluşçu rejissor işləyib.
Hamı onun diqqətində idi: Hərə bir dəyərə sahib idi

 

Rasim Ocaqov kino fəaliyyətinə ötən əsrin 50-ci illərinin sonunda başlayıb. 1957-ci ildə ilk dəfə operator kimi “Bir məhəlləli iki oğlan” filmini lentə alsa da, ilk sərbəst işi “Onun böyük ürəyi” filmi olub. Filmdə metallurqlarının həyatından bəhs olunur. Ağır peşə sahiblərinin həyatını ekranlaşdıran R.Ocaqov ümumiyyətlə rejisorluq fəaliyyəti boyunca bütün cameədən olan insanlara yer ayırır, kino sənayemizə fərqli yeniliklər gətirməyi bacarırdı. Bundan sonra lentə aldığı “Əsl dost”, “Bizim küçə”, “Mən rəqs edəcəyəm”, “Sən niyə susursan?” və “Skripkanın sərgüzəşti” filmləri ilə Rasim Ocaqov Azərbaycan kinosunda operatorluq sənətinin ən layiqli nümunələrini yaratdı.
O təkcə film çəkmirdi, filmləri toxuyurdu…

 

Rejissor kimi ilk işi 1975-ci ildə yarımçıq qalmış “Gəncəbasarlı qisasçı” filmini tamamlamaq olan kinorejisor peşəkar fəaliyyəti dövründə bir çox maraqlı və yaddaqalan filmlər yarada bilib. “Ad günü”, “Bağlı qapı”, “Qatır Məmməd”, “Otel otağı”, “Ölsəm… bağışla”, “Özgə ömür”, “Tütək səsi”, “Şosedə hadisə”, “Həm ziyarət, Həm Ticarət”, “Təhminə”, “Park”, “Qətldən yeddi gün sonra” və digər filmlər böyük sənətkarın yaratdığı misilsiz nümunələrdir.
Misal üçün “Bağlı qapı” filmində başqalarının köməyinə çatan, onların dərdinə qalan bir insanın mürəkkəb taleyindən bəhs edilirsə, “Tütək səsi” filmində Azərbaycan kəndlərinin birində gərgin zəhmət, ümumxalq birliyi, eyni zamanda mürəkkəb insan münasibətləri mühitində cərəyan hadisələr qeydə alınır. “Həm ziyarət, Həm Ticarət” filmində keçid dövründə bazar iqtisadiyyatının qanunlarından xəbəri olmayan bu adamın başına gələn əhvalatdan, “Təhminə” filmində uğursuz sevgi hekayəsindən bəhs olunur.
Bütün bunları xatırlatmaqda məqsəd Rasim Ocaqovun həm də bir ictimai xadim olaraq cəmiyyətin bütün problemlərini gündəmə gətirdiyini, həm də bir maarifçi olaraq insanları düzgün yola yönəltdiyini diqqətə çatdırmaqdır. O bunu bacardı və yaratdığı saysız-hesabsız sənət əsərləri ilə xalqımızın qəlbinə yol tapa bildi. Bu gün də onun filmlərindən sitatlar gətirilir, real həyata misal olaraq nümunələr göstərilir. Rejisor üçün bəlkə də ən böyük uğur onun yaratdığı filmlərə təkrar-təkrar baxan izləyicilərin olmasıdır. Rasim Ocaqov o sənətkarlardandır ki, onun filmləri müasirləşən dünyamızda belə aktuallığını qoruyub saxlayır.
Rasim Ocaqov gözəl insani keyfiyyətlərə malik, nəcib bir insan idi. Böyüklə böyük, uşaqla uşaq idi. Yenicə kinoya qədəm qoyan və can atan aktyorların hamisi idi. Resjisorluq fakültəsini bitirən gənclər əmin idilər ki, onlara mütləq yer var. Çünki Rasim Ocaqov filmlərlə bərabər peşəkar insanlar da yetişdirməyi bacarırdı. Bu işdə isə birinci addımı onlara “yaşıl işıq” yandırması idi. Təsadüfi deyil ki, Azərbaycanın kino sənayesində kifayət qədər məşhur və peşəkar aktyorlar özləri də etiraf edirlər ki, onların bu səviyyəyə gəlməsində Rasim Ocaqovun əməyi misilsizdir.
Ruhun şad olsun böyük sənətkar!
 
Azər Niftiyev