Rasim Quliyevə 3 il cəza verildibackend

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi sona çatıb.

“Yeni Gündəm” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rasim Quliyev 3 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, R.Quliyev 2010-2018-ci illərdə BŞİH-də Aparat rəhbəri olub. O, bu ilin aprelində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. R.Quliyev Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunsuz tikinti aparılmasına icazə vermə) maddələri ilə ittiham olunub.

İttihama əsasən, R.Quliyev BŞİH başçısının birinci müavini, daha sonra isə başçısı səlahiyyətlərini icra edərkən Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi, yerində yeni binaların tikintisi üçün “FF-2011” şirkətinə qanunsuz icazə verib.

R.Quliyev keçmiş icra başçısı Hacıbala Abutalıbovun yaxın kadrlarından biri hesab edilirdi. Məhkəmənin gedişatı zamanı onun vəkilləri bir neçə dəfə Hacıbala Abutalıbovun dindirilməsinə dair vəsatət versə də, tələb qəbul olunmayıb.