Rayonlara yağış yağacaq, dolu düşəcəkbackend
Sentyabrın 8-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər saatlarında bəzi yerlərdə qısamüddətli az yağış yağacağı, duman olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən “Yeni Gündəm”-ə verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-23, gündüz 26-29, Bakıda gecə 21-23, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.
Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.
Sentyabrın 8-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Sabah Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 27-32, dağlarda gecə 10-15, gündüz 18-22 dərəcə isti olacaq.