“Rəhimlə eyni palatada yatırdıq, müğənnilər ona yardım etmədi, nəyə lazım timsah göz yaşları?”backend

“Rəhim Rəhimli illər öncə aparıcısı olduğum “10-dan sonra” verilişinə qonaq kimi gələndə biz bir-birimizlə danışmırdıq. Bu faktı verilişin redaktoru da, prodüsseri də təsdiqləyə bilər. Xalq artisti Aygün Kazımovanı verilişimə dəvət etmişdim. Bilirdim ki, canlı yayıma Aygün gələcək. O vaxt ara vuranlar var idi, indi onların heç biri radio sahəsində yoxdur. Rəhimlə aramızı vurmuşdular. Redaktor qulağıma dedi ki, “İndi sən şok olacaqsan”. Redaktorun nəfəsini də qulağımda hiss edirdim. Rəhim Rəhimli içəri daxil olanda Aygünün baxışlarını mən gördüm. Aygün elə bilirdi ki, mən ona nəsə deyə bilərəm, amma əksinə oldu, biz orada Rəhimlə barışdıq. Həmin gün mənim və Rəhimin ad günü idi, amma Rəhim öz ad gününü orada gizlətdi. Rəhim yenə də təvazökarlıq etdi. Amma orada 3 tort kəsildi-mənim üçün hazırlanan tortun üstündə radionun dj qulaqcığı var idi, Aygün üçün hazırlanan tortun üstündə mikrofon və 3-cü tortda da Rəhimin eynəyi öz əksini tapmışdı. Bu o demək idi ki, bu tortların hər biri birimizə hazırlanıb”

Bunu Moderator.az-a açıqlamasında tanınmış dj və teleaparıcı Yusif Ağayev bildirib. O daha sonra Rəhim Rəhimli ilə son görüşünü xatırlayıb.

“Mən avqust ayında Alanyaya istirahətə getdim. İyul ayında günorta vaxtı mağazaya getmək üçün binanın həyətinə düşdüm. Gördüm ki, Rəhim mənim binamın altından keçir, çox qəribə bir halda idi. Dedim ki, “ay Rəhim, sən burada neynirsən?!”. Həkimə gəldiyini bildirdi! O vaxtdan 1 həftə, 10 gün sonra Rəhimin dənizkənarında konserti olmalı idi. Ürəyimdə qırıldım ki, “Rəhimə bax, heç məni konsertinə dəvət etmədi”. Sonra fikirləşdim ki, yəqin sponsorlar təşkil edib, Rəhimlik burada bir şey yoxdur. O sadəcə gəlib mahnısını oxuyub gedəcək. Ona heç nə demədim. Sonra mən çıxıb Alanyaya getdim, gələndən sonra da bu hadisə baş verdi. Bir neçə il öncə mən öd kisəmdən müalicə olunanda xəstəxanada yatırdım. Yanımdakı palatada da Rəhim yatırdı. Mən yatmış vəziyyətdə olanda Rəhim gəlib məni başa çıxdı. Rəhim də o biri otağda idi. Onun yanına heç kəs gəlməmişdi, xəstəliyini hamıdan gizlətmişdi. O vaxt MUZ tv-yə rəhbər təyin olunanda dedi ki, “Yusif gəl bir yerdə işləyək”. Dedim ki, “ay Rəhim, mən axı 106 fm də çalışıram”. Xatirələr çoxdur, onunla bir yerdə konsertlərdə o qədər iştirak etmişəm ki” deyə sənətçinin dostu Yusif Ağayev bildirib.

Yusif Ağayev Rəhim Rəhimlinin Azərbaycan incəsənətinə yeri tərz gətirdiyini vurğulayıb. O həmçinin sənət dostlarının müğənniyə etinasız münasibətindən də gileylənib.