“Rektorun qəbuluna düşə bilmirdim” – BDU-da müşaviri bıçaqlayan fəhləbackend

Bakı Dövlət Universitetinin (BDU) rektorun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyevi və komendant Şahlar Bəgalıyevi bıçaqlayan İsmixan Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Yeni Gündəm” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə İ.Mirzəyev ifadə verərək özünü təqsirli bildiyini deyib.

O bildirib ki, 11 il BDU-da sexdə işləyib: “Universitetdə rəhbərlik dəyişəndən sonra maaşımı 600 manatdan 400 manata saldılar. Etiraz edəndə mənə dedilər ki, səni başqa işə keçirəcəklər, maaşın bərpa olunacaq. Bir müddət keçdi, lakin heç bir dəyişiklik olmadı. Keçmiş rektorun dövründən işləyənlərdən yalnız mənim maaşım azalmışdı. Yeni rektor məni üzdən tanıyırdı, amma onun qəbuluna düşə bilmədim. Rektorun müşaviri Mirzə müəllim isə dedi ki, xəbər edəcəyik. Hadisə günü öyrəndim ki, məni işdən çıxarıblar. Dəliyə döndüm, rektor yenə məni qəbul etmədi. Mirzə müəllimin yanına gedəndə mənə məsələni araşdıracağını dedi. Sexdən öz bıçağımı və sənədlərimi götürüb evə gedirdim. Sonuncu dəfə Mirzə müəllimlə görüşmək üçün yanına getdim. Bir anlıq özümü itirib bıçağı sənədlərin arasından çıxarıb onu vurdum. Həmin vaxt otağa Şahlar girdi. Özümdə deyildim, onu da bıçaqla vurdum, əməlimdən peşmanam”.

Rektorun müşaviri Mirzə Mirzəyev ifadəsində bildirib ki, iki ilə yaxındır universitetdə işləyir: “İsmixanı üzdən tanıyırdım, bir dəfə mənə yaxınlaşıb maliyyə problemləri olduğunu dedi. Bildirdi ki, keçmiş rəhbərliklə bağlı məhkəməyə müraciət edəcək. Mən də bunu rektora məruzə edəcəyimi dedim. Sonra yenidən yanıma gəlib maaşının azaldıldığını dedi.

Araşdırdım ki, rəhbərlik dəyişən ərəfədə onu başqa ştata keçiriblər və maaşı azaldılıb. Bununla bağlı razılıq ərizəsi də yazıb. Oğlu ilə yaxşı münasibətim var, bizdə təminat şöbəsində çalışırdı. Bir müddət sonra dedi ki, fəhlə işləmək istəmir. Dedi ki, fəhlə kimi qalsa öz avadanlıqlarını götürüb gedəcək. Hadisə günü yanıma gəldi, əlində sənədlər var idi. Dedi ki, aşağıdan deyiblər işdən çıxmalısan. Mənə yaxınlaşdı və durduq yerə bıçaqla vurdu. Heç gözləmirdim, sonra Şahlar içəri girdi, onu da vurdu. İndiyə qədər təəccüblü gəlir ki, məni niyə bıçaqladı. Ondan şikayətim yoxdur”.

Digər zərərçəkən Ş.Bəgalıyev də şikayətçi olmadığını deyib.

Qeyd edək ki, hadisə bu ilin iyulunda baş verib. BDU-nun əsas korpusunda universitetin təsərrüfat şöbəsində fəhlə işləyən İsmixan Mirzəyev rektorun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevə bıçaqla xəsarət yetirib.

İ.Mirzəyev Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinərək barəsində həbs-qətimkan tədbiri seçilib.