Rəşad Dağlıya şeir həsr edildibackend

Salam Sarvanın yeni şeirini təqdim edirik.

Rəşad Dağlıya xitab

Detektiv deyiləm…

Amma bilirəm axı:

nağara dərisindəki barmaq izləriylə

tərəzidəki barmaq izləri eyni adamındı.

Bilirəm axı:

həqiqət axtarışı peşəkarlıq istər –

lap elə mina axtarışı kimi.

Ona görə də qaxılıb oturmuşam yerimdə naşı kimi…

Otaqda neçə vaxtdı yerindən tərpədilməyən

bir şkafın cırıltısıynan “darıxıram” pıçıldayıram hərdən.

Hərdən də lüt gəzən hindunun

qınaq dolu baxışlarımıza cavabı səslənir qulaqlarımda:

“Mənim bütün bədənim mənim sifətimdi”.

Sənsə narahat olma, şair,

heç kəsin evi yıxılmır, əslində,

sadəcə, dekorasiya dəyişdirilir…

Axı biz tamaşa zalındayıq –

görmürsənmi işıqlar söndürülüb?!

Mən də ağlım kəsəndən içəridəyəm elə…

Məhbəsin dama-dama barmaqlığında

xəyali fiqurlarla şahmat oynayarkən

vurulmuş piyadaları barmaqlığın çöl tərəfinə də düzə bilərəm,

amma bilirəm axı, bir də oynamaq istəyəcəm.

Bilirəm axı cahan, onsuz da, dardı,

azadlıq yalnız “Azadlıq” sözü

meydana çaxanacan vardı…

Darıxanda bir anlıq

bayırda boy sırasıyla düzülmüş kütləviliklərə bax:

çəmənlik, zəmi, qamışlıq, qəbirastanlıq…

Və bir də Spartak üsyanından sonra

dirəklərə xaç şəklində mismarlanan qullar…

Öz oxu ətrafında fırlana-fırlana

azadlıq nəğməsi bağıran qapqara vallar.

Mənsə hələ də bilmirəm hansı daha yaxşıdı:

Aristotelin azadlığındakı gözqamaşdıran parıltı,

yoxsa Epikürün köləliyindəki təvazö?

Amma bilirəm axı:

dənizdən sahilə sıçrayan damcıların bəziləri

məhz bizim üst-başımızda quruyub yoxa çıxıb.

Kulis.az