Respondentlərin 88,1%-i Prezident İlham Əliyevə tam etibar edirbackend

Sosial Tədqiqatlar Mərkəzinin Prezident İlham Əliyevin bu ilin ilk dörd ayı (yanvar-aprel) üzrə fəaliyyəti ilə bağlı inam və etimad istiqamətində keçirilən sorğu nəticələrinə əsasən respondentlərin 88,1%-i Prezidentə tam etibar etdiyini, 10,2%-i əsasən etibar etdiyini bildirib.

Mərkəzdən verilən məlumata görə, məqsəd dövlət başçısının ictimai-siyasi fəaliyyətinin müxtəlif istiqamətləri, eləcə də bəhs edilən dövrdə həyata keçirilən başlıca tədbirlərə vətəndaşların münasibətini öyrənməklə müvafiq qərarların qəbulunda ictimai rəyə istinad edilməsinə şərait yaratmaqdır.

Respondentlərin Birinci Vitse-prezidentə inam və etimad səviyyəsi də öyrənilib. Nəticələrə əsasən sorğu iştirakçılarının 78,9%-i Birinci vitse-prezidentə tam etibar etdiyini, 15,6%-i əsasən etibar etdiyini bildirib.

Rəy sorğusu əsasında hakimiyyətin digər qollarına, parlament və məhkəmə orqanlarına olan ictimai inam və etimad səviyyəsi öyrənilib. Sorğu iştirakçılarının 32,5%-i Milli Məclisə tam etibar etdiyini, 37,7%-i əsasən etibar etdiyini bəyan edib. Respondentlərin 4,7%-i əsasən etibar etmədiyini, 22,2%-i isə heç etibar etmədiyini bildirib. 3,0% respondent bu istiqamətdə fikir bildirməkdə çətinlik çəkib.

Sorğu nəticələrinin təhlilinə əsasən, respondentlərin 37,6%-i məhkəmələrə tam, 24,0%-i isə əsasən etibar etdiyini bildirib. Rəyi öyrənilənlərin 15,6%-i əsasən etibar etmədiyini, 17,2%-i isə heç etibar etmədiyini qeyd edib. Respondentlərin 5,7%-i bu istiqamətdə mövqe bildirməkdə çətinlik çəkib. Göründüyü kimi, məhkəmə institutlarına olan ictimai inam və etimadla parlamentə olan münasibət arasında uyğunluq müşahidə olunur.

Sorğu çərçivəsində vətəndaşların yuxarı icra orqanı kimi Nazirlər Kabinetinə və yerli icra hakimiyyəti orqanlarına inam və etimadı da öyrənilib. Sorğu iştirakçılarının 35,8%-i Nazirlər Kabinetinə tam, 36,0%-i əsasən etibar etdiyini bildirib. Əks mövqedən çıxış edənlər isə ümumilikdə 23,6% təşkil edib (5,4%-i əsasən etibar etmir, 18,2%-i heç etibar etmir). Başqa sözlə, təqribən hər dörd respondentdən biri Nazirlər Kabinetinə etibar etmədiyini bildirib. 4,6% respondent mövqe bildirməkdə çətinlik çəkib.

Sorğu iştirakçılarının 22,7%-i yerli icra hakimiyyəti orqanlarına tam, 22,8%-i əsasən etibar etdiyini bildirib. 14,1% respondent əsasən etibar etmədiyini, 37,3% heç etibar etmədiyini qeyd edib. 3,2% respondent qərarsız mövqe nümayiş etdirib.