Rəsul Quliyev Azərbaycana nə vaxt gələcək? – AÇIQLAMAbackend

Eks-spiker Rəsul Quliyevin Azərbaycana qayıdacağı ilə bağlı xəbərlər yayılıb. Onun hakimiyyətlə anlaşdığı, vaxtilə üzərinə həbs qoyulan, əlindən alınan əmlaklarını da geri alacağı bildirilir. O deyib ki, istədiyi vaxt vətənə gələ bilər.

Eks-spikerin son illər hakimiyyəti müdafiə etdiyi açıq görünür. Xüsusən də 44 günlük Vətən müharibəsindən sonra müxalif mövqeyindən geri çəkilərək, açıq şəkildə hakimiyyəti, Prezident İlham Əliyevi, bəzi hallarda hətta ayrı-ayrı nazirləri müdafiə edən çıxışlar edir, eyni zamanda da hakimiyyətin rəqiblərinə əsaslı-əsassız hücumlar edir. Bu zaman isə bəzən o, hakimiyyətin çoxillik dəstəkçilərindən də irəli getməkdən çəkinmir. “AzPolitika”ya daxil olan məlumata görə, çox güman bu fəaliyyətinə görə R.Quliyevə qarşı bəzi qeyri-rəsmi qadağalar nəinki yumşaldılıb, o, hətta Bakıdakı çoxsaylı daşınmaz əmlaklarını yenidən idarə etmək şansını da qazanıb. Məsələn, əvvəllər R.Quliyevə məxsus olmuş, lakin sonradan keçmiş deputat Qalib Salahzadə tərəfindən ələ keçirilmiş milyonluq əmlaklar məhkəmə qaydasında R.Quliyevə geri qaytarılıb. Eks-spiker həmçinin şəhərin mərkəzində, o cümlədən İçərişəhərdə ona məxsus, lakin uzun illərdir nə istifadə edə, nə də sata bildiyi çoxsaylı əmlaklarını da özünə qaytarır.

Eks-spikerin lideri olduğu Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu “Yeni Müsavat”a deyib ki, Rəsul Quliyevin Azərbyacana gəlişində hər hansı bir problem yoxdur: “Bunun istinad nöqtəsi kimi 2020-ci il başlamış müxalifət-iqtidar münasibətləri dayanır. Bu gün sivil müxalifət-iqtidar münasibətləri formalaşmaqdadır. Rəsul müəllim bu kontekstdən çıxış edərək fikirlərini ifadə edir. Düşünür ki, sivil müxalifət-iqtidar münasibətlərinin formalaşması onun ölkəyə gəlişinə hər hansı maneə yaratmır. O, ölkəyə gəlməyi düşünürmü? Özü bildirir ki, ölkəyə gəlsəm, nə işlə məşğul olacam? Bəzi boşboğaz partiyalar kimi yalnız danışmaqla kifayətlənəcəyəm? Hesab edir ki, vətəndən uzaqda vətənə daha çox xeyir verir. Ola bilər ki, Rəsul müəllim 10-15 günlüyə ölkəyə gələr, görülən işlərlə tanış olar, əsgərimizin işğaldan azad etdiyi vətən torpaqlarına səfər edə bilər. Hələlik isə belə bir məsələ gündəmdə yoxdur”.

Ağasif Şakiroğlu deyir ki, Rəsul Quliyevin birbaşa özünün Azərbaycanda hər hansı bir əmlakı yoxdur: “Rəsul Quliyevin yaxınlarına məxsus əmlaklar var. 2010-cu ildə həmin əmlaklarla bağlı Ali Məhkəmənin qərarı var. Hacı Qalib 2020-ci ildə məhkəməyə müraciət edib və Ali Məhkəmənin qərarı qüvvədə qalıb. Həmin əmlaklar da hazırda mənim sərəncamımdadır”.

Eks-deputat Hacı Qalib Salahzadədən Rəsul Quliyevin ölkəyə gəlişi ilə bağlı şərh ala bilmədik. O, telefon zənglərimizi cavabsız buraxdı.

Vaxtilə eks-spikerin lideri olduğu Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib ki, Rəsul Quliyevlə bağlı hər hansı bir şərh vermək fikrində deyil: “Onun ölkəyə gəlib-gəlməməsi elə bir əhəmiyyət kəsb etmir. Bizim onunla heç bir münasibətimiz yoxdur”.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn isə bildirib ki, Rəsul Quliyevin ölkəyə gəlişi təmin olunmalıdır: “Vətən hamınındır. Onun ölkəyə gəlməsi təmin olunmalıdır”.

Qeyd edək ki, R.Quliyev 1996-cı ildən Amerika Birləşmiş Ştatlarında, Nyu-Cersi şəhərində yaşayır. Bu müddət ərzində bir neçə dəfə ölkəyə gəlmək istəsə də, bu, baş tutmayıb