Reytinq xətrinə məndən sui istifadə etdilər: Bu haqsızlığa susmayacambackend

“Space” televiziyasının keçmiş aparıcısı Fidan Oruc Əliyeva Xəzər televiziyasında yayımlanan “Bir gün sizdə, bir gün bizdə” verilişinin layihə rəhbəri, aktyor Cövdət Şükürovu ittiham edib.

Aparıcı “Yeni Gündəm”-ə açıqlamasında bildirib ki, verilişdə baş verənlər oyundur: “Məndən sui-istifadə ediblər. Hətta bəzi kadrların kəsilməsini istədim, yayımladılar. Niyə insanların hisləri ilə oynayırlar? Verilişdə hər şey yalandır və baş verənlər reytinq naminə olub. Bu gülləyə də mən tuş gəlmişəm. İnsanlardan bu dərəcədə istifadə etmək düzgün deyil.

Veriliş televiziyada yayımlandıqdan sonra Yutuba yerləşdirildi. Orada haqqımdakı şərhləri oxuyanda dəhşətə gəlirəm. Az da olsa məni sevən auditoriya var və tamaşaçılarımı itirmək, küçədə gedəndə kiminsə mənə pis nəzərlərlə baxmasını istəmərəm.

Aktrisa Cəmilə Tağıyeva ilə eyni komandada idik. Mənə verilişdə iştirak etməyi Cəmilə Tağıyeva təklif etdi. Verilişin çəkilişləri zamanı çox yorulmuşduq. Dedim ki, nə istəyirsiniz, edək. Amma sonra peşman oldum və çəkiliş heyətinə bildirdim ki, insanların yaddaşında mənfi obraz kimi qalmaq istəmirəm.

Qohum-əqrəba, dost-tanış deyir, sən niyə belə etdin? Niyə veriliş zamanı Cəmilə Tağıyevanı evdən qovdun? Mən açıqlama vermək istəyirəm ki, verilişdə baş verənlərin hamısı oyun idi. Əslində, mən elə bir insan deyiləm. Mənə çəkiliş komandasından bildirdilər ki, Cəmilə aktrisa, sən isə aparıcısan. Mən bilsəydim ki, belə olacaq, qəti şəkildə etməzdim.

Qurama verilişlər insanlarda mənfi aura yaradır. Etirazıma baxmayaraq bütün kadrlar şişirdilmiş şəkildə təqdim edildi. Cəmilə Tağıyeva rəfiqəmdir. Verilişdə mehriban və yumoristik hal baş verəndə bütün iştirakçılara deyirdilər ki, belə olmaz, kobud sözlər deyin, atmacalar atın. Veriliş qurulmuş bir oyundur və hətta Cəmilə Tağıyevadan eşitdim ki, iştirakçılara pul verilirmiş”.

Qeyd edək ki, verilişdə iştirak edən aktrisa Cəmilə Tağızadə də sonradan “Bir gün sizdə, bir gün bizdə” verilişi haqda ittihamlar səsləndirib.