“Rok-n-roll kralı” Elvis Presli Bakı kinoteatrında – Videobackend

“CinemaPlus Amburan Mall” premium kinoteatrında “rok-n-roll kralı” Elvis Preslinin həyat və yaradıcılığından bəhs edən “Elvis” bioqrafik filminin təqdimatı keçirilib.

Səhnədə dekor kimi vintaj üslubuna üstünlük verilib.

Güzgülü diskoteka şarları, vinil plastinalar, səhnə və işıqlandırmadan istifadə edilib.
Tədbirin aparıcısı Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru Rüstəm Kərimov olub.
“Merry Band” peşəkar musiqi qrupu 60-70-ci illərin ab-havasını yaradaraq retro mahnılar ifa edib.

Tədbirdə Elvis Preslinin qəhrəmanı obrazını aktyor İlxan Sadıqov canlandırıb və bu, tədbirin qonaqlarında xoş nostalji hissləri yaradıb.
Onun obrazı üzərində qrim ustası, əməkdar artist Maqsud Məmmədov çalışıb.

Daha sonra qonaqlar “Elvis” filmini izləyib.
Filmin rejissoru və prodüseri Baz Lurmandır. Filmdə Elvis Presli obrazını aktyor Ostin Batler canladırır.
Aktyorun musiqi təhsili olduğu üçün filmdəki mahnıları özü ifa edib.

O, çəkilişlərə başlamazdan əvvəl tam bir il səs müəllimləri ilə işləyib.
Yaratdığı obraz haqqında danışan Ostin Batler qeyd edib ki, Elvisin qohumları, Elvisin özü və onu çox sevən digər insanlar qarşısında böyük məsuliyyət hiss edir.
Elvis Preslinin həyatı və musiqisinin hekayəsi onun meneceri, polkovnik Tom Parker (Tom Henks) ilə mürəkkəb münasibətləri prizmasından göstərilib.
Onlar 20 ildən çox bir yerdə çalışıblar.
Filmdə Olivia DeConq, Helen Tomson, Riçard Roksburq və başqaları da rol alıb.