Rüfət Quliyev: Maşınyuma yerlərində suya qənaət edilmir, elə bil şəlalədirbackend

“Biz suyun qiymətini saxlaya bilməyəcəyik. Bu gün maşınyuma yerlərində suya qənaət edilmir. Elə bil şəlalədir. İkincisi, Bakıda analoqu olmayan evlər tikilir. O komplekslərdə də suya qənaət edilmir. İnanmıram ki, orada sayğac var”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Rüfət Quliyev deyib.

Deputat bu məsələ ilə əlaqədar monitorinqlərin keçirilməsini təklif edib: “Su qıtlığını 1-2 aydan sonra hiss edəcəyik”.

Rüfət Quliyev bildirib ki, Hesablama Palatası büdcə oğurluğunun qarşısını qismən alır: “Bəzi vəsaitlər geri qaytarılır. Aktiv oğrular var ki, Palata onlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edir, amma bunun nəticəsi ictimaiyyətə təqdim edilmir. Biz büdcəyə qəpik-qəpik pul yığırıq, bəzi işbazlar isə onu mənimsəyir. Mən çox xahiş edirəm, hüquq-mühafizə orqanlarına göndərilən məsələlərin aqibəti barədə məlumat verilsin”./APA