Ruhani Trampı “tarixi terrorçu” adlandırıbbackend

İran Prezidenti Həsən Ruhani seçkilərdə məğlub olan və Konqresə basqını təşviq etməkdə təqsirləndirilən ABŞ-ın hazırkı dövlət başçısı Donald Trampı “tarixi terrorçu” adlandırıb.

“Yeni Gündəm” xəbər verir ki, Ruhani bu barədə Tehranda keçirilən Nazirlər Kabinetinin iclasından sonra etdiyi çıxışında bildirib.

O, açıqlamasında vəzifə müddətində anti-İran mövqeyi sərgiləyən Trampı və komandasını hədəf alıb: “ABŞ-ın maksimum təzyiq və iqtisadi terror siyasəti məğlubiyyətlə sona çatdı. Bu siyasəti hazırlayanlar nəinki məğlub oldular, həm də siyasi həyatları sona çatdı. Siyasi anlayışı olmayan ABŞ Prezidenti, axmaq bir Dövlət katibi (Mayk Pompeo- red.) və ekstremist, cahil bir Milli Təhlükəsizlik Məsləhətçisinin (Con Bolton – red.) sonunu gördük. Bu, zorakılıq, irqçilik və qanunları pozmağın dünyada yaxşı olmayacağına işarədir”.

ABŞ rəhbərliyinin 3 ildir Tehrana qarşı tətbiq etdiyi sanksiya və təzyiq siyasəti ilə rejimi yıxmağı hədəflədiyini ifadə edən Ruhani “Səbirli xalqımız bu tarixi terrorçuya müqavimət göstərdi. İranı 3 ayda devirməyi hədəflədilər, ancaq özləri də devrildi”, – deyə bildirib.