Rumıniya Prezidenti: Azərbaycan qazı regionumuzun bütün ölkələrinin enerji təchizatına stabillik gətiribbackend

Cənub Qaz Dəhlizi özünün Avropanın enerji təhlükəsizliyi üçün strateji vacibliyini sübut edib. Hazırda bu dəhliz həmişəkindən daha vacibdir.

“Yeni Gundem” xəbər verir ki, bunu Rumıniya Prezidenti Klaus Yohannis fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib.

Rumıniya dövlət başçısının sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra geosiyasi vəziyyət dəyişib.

Klaus Yohannis qeyd edib ki, Avropa İttifaqı və üzv ölkələr enerji resursları istiqamətində alternativlərə üz tutub. Bu mənbələrdən biri də Azərbaycandır və Azərbaycan etibarlı tərəfdaşdır.

Rumıniya dövlət başçısı xatırladıb ki, Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlığın əsası 2009-cu ildə qoyulub: “2022-ci ildə biz enerji sahəsində görünməmiş çətinliklərlə üzləşdik. Bu çətinliklərə cavab vermək üçün Aİ hərtərəfli addımlar atıb. Azərbaycandan idxal olunan qaz regionumuzun bütün ölkələrinin enerji təchizatına stabillik gətirib. Biz Azərbaycanın və Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni qiymətləndiririk. Biz Xəzər dənizindən daha çox təbii qazın hasil edilməsində maraqlı olaraq qalırıq”.