“Rusiya Prezidenti ilə görüşümüzdə bu barədə danışmışıq” – İlham Əliyevbackend

“İqtisadi-ticari sahədə, informasiya, kommunikasiya, nəqliyyat və digər sahələrdə səkkiz yol xəritəsi razılaşdırılıb və həyata keçirilir, hər bir istiqamət üzrə qarşıya qoyulmuş məsələlərin yerinə yetirilməsinin dəqiq qrafiki var və icraya nəzarət edilir”.

“Yeni Gundem” xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 26-da Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının Sədri Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyətinin qəbulu zamanı çıxış edərkən deyib.

Prezident bildirib: “Ona görə biz burada yalnız müsbət nəticə olduğunu deyə bilərik. Bir daha qeyd edirəm, nəticələr bizim ümumi səylərimizlə yaranıb, ölkələrimiz üçün və mənim fikrimcə, bütövlükdə region üçün böyük əhəmiyyət kəsb edir. Əlbəttə, regional təhlükəsizlik məsələləri həmişə bizim münasibətlərimizin gündəliyindədir. Biz bu yaxınlarda Səmərqənddə Rusiya Prezidenti ilə görüşümüzdə bu barədə danışmışıq. Əlbəttə, bizim regionda sülh bütün ölkələr, bütün xalqlar üçün zəruridir. Bizim gündəliyimiz kifayət qədər birmənalıdır. Biz dəfələrlə bildirmişik ki, uzunmüddətli və davamlı sülhün, qonşularımızla bağlı bütün problemlərin həllinin və bu regionun 30 il ərzində olduğu ağır vəziyyətdən çıxmasının tərəfdarıyıq”.