Rusiya və Abş nümayəndələrinin görüşü keçirilirbackend

İstanbulda Rusiya və ABŞ-ın xarici işlər orqanlarının departament direktorlarının görüşü keçirilir.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Danışıqlar zamanı səfirliklərin işi və ikitərəfli münasibətlərdəki “qıcıqlandırıcı” məsələlər müzakirə olunur.

“Bəli, həqiqətən də İstanbulda müvafiq departamentlərin direktorları səviyyəsində görüş keçirilir. Bu, prinsipcə, ikitərəfli münasibətlərdəki “qıcıqlandırıcı” məsələləri müzakirə etmək üçün vaxtaşırı keçirilən tədbirdir. Bir qədər fasilədən sonra biz bu mövzuda amerikalılarla əlaqəni bərpa etdik”, – deyə Sergey Ryabkov “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında deyib.

Qeyd edək ki, Rusiya və ABŞ nümayəndələrinin sonuncu görüşü noyabrın 14-də Ankarada keçirilib. Görüşdə Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin və Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns nüvə təhlükəsizliyi məsələlərini müzakirə ediblər.

Həmçinin, noyabrın 29-dan dekabrın 6-dək Qahirədə Rusiya və ABŞ arasında Strateji hücum silahlarının ixtisarı Müqaviləsi üzrə danışıqlar aparılmalı idi. Görüş Rusiyanın təşəbbüsü ilə sonrakı tarixə təxirə salınıb. Sergey Ryabkov iddia edib ki, danışıqlar ABŞ-ın, Moskvanın prioritetləri və siqnalları ilə hesablaşmaq istəmədiyi üçün təxirə salınıb.

Ayşən