Rusiyada baş verən yol qəzasında gənc azərbaycanlı ağır yaralanıb – FOTObackend

Bakı. 3 dekabr. YENIGUNDEM.AZ/ Dekabrın 2-si səhər saatlarında Rusiyanın Sankt-Peterburq şəhərində 4 nəfərin ölümü və 1 gənc azərbaycanlının ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib.

“Yenigundem” xəbər verir ki, hadisə “Mercedes” markalı avtomobilin İskrovski prospektində işıqforun qırmızı işığını gözləmədən hərəkət etməsi nəticəsində qeydə alınıb.

Bu zaman “Mercedes”in qarşısına “Şəhər elektrik nəqliyyatı” dövlət unitar müəssisəsinin əməkdaşlarını işə aparan “Sobol” markalı mikroavtobus çıxıb və minik avtomobili sürətlə ona çırpılıb. Nəticədə mikroavtobusun sürücüsü və şirkətin biri qadın olmaqla 3 əməkdaşı hadisə yerində ölüb.

Qəzaya səbəb olan Aleksandr Brejnev azərbaycanlı dostu Emil Mirzəyevi maşında ağır yaralı vəziyyətdə qoyaraq ərazidən uzaqlaşıb. Qəza zamanı xəsarət alan 25 yaşlı azərbaycanlı xəstəxanaya yerləşdirilib.

Hazırda 25 yaşlı sürücünün tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

REPORT.AZ