Şəxsi ambisiyaların əsirinə çevrilmək dövlətin milli maraqlarına zidd davranış sərgiləməyə haqq və bəraət qazandıra bilməzbackend

“Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmizdə sistemli, hərtərəfli islahatlar həyata keçirilir. Artıq bir neçə ildir ki, Azərbaycan uğurlu islahatlar dövrünə qədəm qoyub. Bu gün biz elə bir mərhələyə qədəm qoymuşuq ki, hər bir dövlət qurumu, hər bir vətəndaş öz fəaliyyəti ilə Prezidentin həyata keçirdiyi islahatlara dəstək verməli, həmin islahatları öz fəaliyyətində tətbiq etməlidir. Təbii ki 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi qələbəni şərtləndirən başlıca amil də məhz ilk növbədə xalq-hakimiyyət birliyi oldu.”

Bu fikirləri “Yeni Gündəm”ə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

A.Məmmədov qeyd edib ki, ilin əvvəlindən bəri yeni yaranmış reallıqlar ölkəmiz qarşısında yeni perspektivlər açılmasını təmin edib: “Amma sosial şəbəkənin Azərbaycan seqmentinə nəzər salanda diqqəti bu reallıqlardan yayındırmaq istəyən marginal şəxslərin zərərli və dezinformasiya xarakterli təbliğat aparmasının şahidi oluruq. Əlbəttə, “azərbaycanlı” milli kimliyi daşıyanların əqidəsi buna qətiyyən yol verməməlidir. Xüsusən də şəxsi ambisiyaların əsirinə çevrilmək dövlətin milli maraqlarına zidd davranış sərgiləməyə haqq və bəraət qazandıra bilməz. Lakin təəssüflər olsun ki, son zamanlar bütün hallarda siyasi fəaliyyəti ilə sərsəm iddialar ortaya qoyan, Azərbaycan hakimiyyətinin apardığı düzgün, məqsədyönlü siyasəti ilə ölkəmizin dünyada yerinin və rolunun möhkəmləndiyini dərk etməyən Əli Əliyev kimi müxalifət nümayəndələri göz görə-görə faktları təhrif edir, avantürist və təxribatçı çıxışlar edərək ucuz siyasi divident əldə etməyə çalışır. Lakin unudurlar ki, onlar yalnız bir ovuc insanı aldada bilər, amma bütöv bir cəmiyyəti əsla aldada bilməz.”

Deputat bildirib ki, partiya sədri kimi buradakı siyasətbazlar, istərsə də onların xarici ölkədəki havadarları bu cür “fəallaşmaqla” Azərbaycan dövlətinin milli maraqlarına qarşı açıq-aşkar düşmənçilik mövqeyi sərgilədiklərini nümayiş etdirirlər: “Ölkədə adını siyasətçi qoyan hər kəs qanun çərçivəsində fəaliyyət göstərməlidir. O cümlədən də, müxalifətin də missiyasi ondan ibarətdir ki, öz nizamnamələri və ölkədə mövcud olan qanunlar çərçivəsində fəaliyyət göstərsinlər. Əli Əliyev isə həm bugünkü reallıqları təhrif edir, həm də xarici siyasət strategiyamıza ləkə salmağa çalışır. Sağlam düşüncəli ictimai rəy isə bu qaragüruhçunun sözlərinə, fikirlərinə ümumiyyətlə əhəmiyyət vermir, çünki onun kimilərin məqsədləri heç də Azərbaycanın dövlətçilik məsələlərinə, xalqın maraqlarına yönəlməyib.”

Milli Məclisin deputatı vurğulayıb ki, cəmiyyətimizdə isə VİP sədri kimi dağıdıcı, eləcə də öz ambisiyalarına müxtəlif don geyindirənlərə yer yoxdur və olmayacaq: “Çünki xalq qanuni yolla seçdiyi iqtidarına sadiqdir və onun siyasətini dəstəkləyir. Bir sözlə, artıq xalq kimin kim olduğunu yaxşı bilir. Ona görə də Azərbaycan ictimaiyyəti radikal müxalifət nümayəndələrinin milli maraqlara zidd mövqeyini və təxribatçı hərəkətlərini qınayır, ciddi etiraz və narazılıqla qarşılayır. Sadə insanlar da etiraf edirlər ki, dövlət başçısının bütün sahələrdə həyata keçirdiyi islahatlar, xüsusən 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz qələbə həm ölkə əhalisinin, həm də Azərbaycanın mühüm xarici siyasət tərəfdaşlarının açıq şəkildə dəstəklədikləri genişmiqyaslı kadr islahatları radikalların cəhdlərini heçə endirib. Xalq problemlərinin həllini marginalların bir-biri ilə əlaqəsi olmayan şüarlarında deyil, mütərəqqi islahatlarda görür.”