Saatlı kəndlərinin problemləri deputatın diqqət mərkəzində – FOTOLARbackend

Millət vəkili Əziz Ələkbərli Saatlı rayonunun Sımada, Nəsimikənd, Mir Cəlal, Soltanabad kəndlərindən sonra rayonun Çolpu, Nabatkənd, Günəşli, Fətəlikənd, Azadkənd, Məmmədabad kəndlərində olmuş, seçicilərlə görüşmüşdür.

Seçicilər daha çox Prezident İlham Əliyevin Saatlının 14 kəndinin əkin sahələrinin suvarılması məqsədilə Kür çayından 17,3 km uzunluğunda kanalın çəkilməsi ilə bağlı 26 iyul 2019-cu il tarixli Sərəncamının icra vəziyyəti ilə maraqlanmışlar.

Nabatkənd kəndində insanlar daha çox bəzi qurumların məsuliyyətsizliyi üzündən pay torpaq sənədlərinin düzgün tərtib edilməməsi və bu səbəbdən adamların halal subsidiya ala bilməməsindən şikayət etmişlər.

Günəşli kənd əhalisi də susuzluqdan şikayət etmiş, kənd məktəbi və xəstəxanası ilə bağlı ciddi addımlar atılmalı olduğunu bildirmişlər. Deputat kənd nümayəndələri ilə birgə kənd məktəbinin və xəstəxananın acınacaqlı vəziyyəti ilə tanış olmuşdur.

Günəşli kəndindəki pay torpaq sənədləri ilə bağlı vəziyyət Fətəlikənd kəndində də müşahidə edilmişdir. Bundan başqa, kənd əhalisi kəndin mərkəzindəki 3 km-lik mərkəzi küçənin illərdir asfaltlaşdırılmamasından  şikayət etmişlər. Kənddə elektrik dirəklərinin və elektrik xətlərinin vahiməli vəziyyəti də insanları narahat edən məsələlər olaraq dilə gətirilmişdir.

Azadkənd kənd camaatı dövlət fondundakı torpaqların əkilməsindən sonra kəndlərin su məsələsində ciddi problemlər yarandığını bildiriblər. Susuzluqdan yanan təsərrüfatlar üçün mütləq müəyyən güzəştlərin nəzərdə tutulmasını xahiş etmişlər.

Problemlərin həlli ilə bağlı müvafiq qurumlar qarşısında məsələ qaldırmaq üçün seçicilərin irad və təklifləri deputat tərəfindən qeydə alınmışdır.