Sabiq Müdafiə nazirindən AÇIQLAMAbackend

Dünən – sentyabrın 27-də  düşmənin növbəti təxribatlarına cavab olaraq Milli Ordumuzun genişmiqyaslı əks-hücum tədbirləri nəticəsində qısa müddətdə on illərlə düşmən əlində qalan bir sıra kəndlərimiz və   strateji yüksəkliklərimizin azad edilməsi ilə bağlı Moderator.az-a açıqlama verən ehtiyatda olan sabiq Müdafiə və Daxili İşlər naziri, polis generalı Tahir Əliyev dövlətə və orduya tam dəstəyini ifadə edib. “Torpaqlarımızı 30 ilə yaxındır işğal altında saxlayan erməni faşizminin növbəti  dəfə dünən  – 27 sentyabr səhər saatlarında törədilmiş təxribatı nəticəsində şəhid olan və yaralılarımız var. Allahdan həlak olanlarımıza rəhmət, yaralılarımıza şəfa diləyirik!

Ali Baş Komandan başda olmaqla Silahlı Qüvvələr rəhbərliyini və bütövlükdə xalqımızı ilk gündəcə düşmənə layiqli cavab verilərək bir sıra yaşayış məntəqələri və strateji yüksəkliklərimizin azad edilməsi münasibətilə təbrik edir, yeni qələbələr arzulayıram. İnşallah, müzəffər üçrəngli bayrağımızın  Xankəndidə, Şuşada, Kəlbəcərdə, Laçında dalğalanacağı gün uzaqda deyil… Onu da bildirmək istəyirəm ki, mən,  general Tahir Əliyev sabiq Müdafiə və Daxili İşlər naziri kimi  hazırda Vətən torpaqları uğrunda ordumuzun davam etdirdiyi  müzəffər savaşın ən ağır cəbhələrində 1988-1992-ci illərdə Qarabağ döyüşlərində qazandığım təcrübəmi tətbiq etməyə, hətta düşmənə qarşı sıravi döyüşçü kimi birbaşa səngərdə vuruşmağa da hazıram…

Bir istiqlalçı deputat olaraq siyasi əqidə və mövqeyindən asılı olmayaraq hər bir vətəndaşımızı, o cümlədən 1-ci Qarabağ savaşının iştirakçısı olmuş qazi döyüşçülərimizi dövlətimizin və ordumuzun yanında olmağa çağırıram”-  deyə general Tahir Əliyev fikirlərini belə tamamlayıb.