Sabiq nazirin qızı evsiz qalıbbackend

“Mənim heç kimdən çəkinəcəyim yoxdur, gedin, kimə istəyirsiz şikayət edin!”. Bu sözlərin müəllifi Azərbaycanda adı müxtəlif qalmaqallarda, maliyyə maxinasiyalarında hallanan tikinti maqnatı, “Şərur” MTK-nın rəhbəri, “Şərurlu İsfəndiyar” ləqəbi ilə tanınan İsfəndiyar Axundovdur.

O, öhdəsinə götürdüyü tikinti layihəsindən mənzil verməli olduğu Bakı sakini Məmmədova Aliyə Mirzə qızından 5 min manat əlavə ödəniş tələb edib. Görünür, qazandığı nəhayətsiz sərvət tikinti maqnatının gözünü elə örtüb ki, bu yersiz ifadələri kimə ünvanladığının fərqinə varmayıb. Bu haqda bir qədər sonra… Şikayətçi “AzPolitika.info”-ya yazır ki, 2009-cu ildə Yasamal rayonunda yeni tikilən binadan sahəsi 62 kv.m. olan mənzil üçün “Mur-ay“ MMC-nin direktoru Hüseynov Elxan Balaxan oğlu ilə müqavilə bağlayaraq, ona 24 min manat verib.

Sonradan məlum olub ki, bu şirkətin rəhbərliyi bir mənzili bir neçə nəfərə sataraq cinayət törədiblər:

“Doğrudur, onlar 14 fevral 2011-ci il tarixdə məhkəmənin qərarı ilə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilərək öz layiqli cəzalarını alıblar. Bundan sonra dövlət qurumları tərəfindən bu işdə bütün zərərçəkənlərin mənzillərlə təmin edilməsi məsələsi “Şərur” MTK-ya həvalə edilib. Bu MTK-nın rəhbəri isə bizimlə görüşdə Əhmədli qəsəbəsində bünövrəsi təzə qazılan binadan veriləcək mənzilə görə əlavə 5 min manat tələb etdi. Onun bizə “mənim heç kimdən çəkinəcəyim yoxdur, gedin, kimə istəyirsiniz şikayət edin”deməsini ailəmizə qarşı təhqir kimi qəbul edirəm. “Şərurlu İsfəndiyara” bildirmək istəyirəm ki, “Dövlətə , Vətənə ləyaqətlə qulluq etmək, yaşadığın cəmiyyətdə layiqli və səxavətli, xeyirxah insan olmaq hər bir şəxsə nəsib olmur!”

Aliyə Məmmədova daha sonra Azərbaycanda tanınmış ziyalı ailəsinin nümayəndəsi olduğunu xatırladır:

“Atam Mirzə Rəhim oğlu Məmmədov 1938-1942-ci illərdə Azərbaycan Respublikası Maarif Komissarı, 1942-1944-cü illərdə Azərbaycan Kommunist Partiyası MK-nin katibi vəzifəsində çalışıb. 1944-1946-cı illərdə İranda vitse-konsul təyin edilib. 1955-1959-cu illərdə Respublika Maarif naziri işləyib. Səməd Vurğun, Rəsul Rza, Süleyman Rəhimov, Mirəz İbrahimov və digər görkəmli yazıçı və alimlərlə, Əziz Əliyev kimi dövlət xadimi ilə ailəvi dostluq etmişik.

Anam mərhum akademik Zərifə xanım Əliyevanın həmkarı və yaxın rəfiqəsi olub. Atamın elmi, ictimai-pedaqoji fəaliyyətinə, ölkəyə, xalqa göstərdiyi xidmət və dövlətə sədaqətinə görə Ulu Öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə 90 illik yubileyi keçirilib. Ailənin yeganə övladı olmuşam. Atam çox otaqlı mənzilimizi o zaman dostu Səməd Vurğuna bağışlamışdı. Hazırda görkəmli şairin ev muzeyi həmin mənzildə yerləşir”.

Şikyaətçi təəssüflə indi 62 k.v.m mənzilə möhtac qaldığını xatırlatsa da, ümidsiz olmadığını yazır:

“Əminəm ki, mənim bu harayımı eşidəcəklər. Ölkəmizdə aparılan son islahatlar və “Dəmir Yumruğun” gücü çox bağlı qapıları üzümüzə açacaq!”.