Sadiq Qurbanov seçicilərinə yardım göndərib – Telefonla canlı bağlantı qurub – VİDEO + FOTOLARbackend
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov seçildiyi 54 saylı Şabran-Siyəzən seçki dairəsində yaşayan 100-ə yaxın imkansız ailəyə ərzaq yardımı göndərib.
“Yeni Gündəm” bildirir ki, Avrasiya.net-ə verilən məlumata görə, 54 saylı Şabran-Siyəzən seçki dairəsini əhatə edən bir çox kəndlərdə yaşayan imkansız və aztəminatlı ailələrə ərzaq yardımları artıq çatdıtılıb.

Qeyd edək ki, millət vəkili Sadiq Qurbanov bu mövzuda Siyəzən və Şabrandakı imkanlı şəxslərə çağırış da etmişdi.

“Sınaq qarşısındayıq. Məqsədimiz bu sınaqdan az itki ilə çıxmaq və əhalimizin sağlamlığını qorumaqdır. Hökumətimiz bu istiqamətdə ciddi və maarifləndirici tədbirlər görməkdədir. Müvəqqəti qadağalar tətbiq edilib ki, bu da günəmuzd və yaxud işəmuzd işləyənlərin hazırda evdə olmasına və qazanclarının kəsilməsinə səbəb olub. Amma dövlətimiz onları da yaddan çıxarmayıb. İmkanlı şəxslərimiz onlara dəstək olmaqla, həm öz insanlıqlarını göstərə bilər, həm də bu gün mövcud vəziyyətdən dolayı yaranan ağır yükü çiyinlərinə götürən dövlətimizə dəstək vermiş olarlar. Həmin insanlara həm maddi, həm mənəvi müstəvidə yardım göstərmək hər birimizin vətəndaşlıq borcumuzdur” – deyə deputat bildirmişdi.

S.Qurbanovun müraciət və təşəbbüsünü dəstəkləyən imklanlı şəxslər bu xeyirxah kampaniyanın qısa zaman kəsiyində həyata keçiriblər.

Hakim Yeni Azərbaycan Partiyasının Siyəzən və Şabran rayonlarındakı yerli təşkilat rəsmilərinin iştirakı ilə ərzaq yardımları ailələrə çatdırılıb. Hər bir ailə bu xeyirxah addımı dövlətimizin onlara göstərdiyi diqqət və qayğısından irəli gəldiyini söyləyərək, cənab prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya və bu təşəbbüsü göstərən deputat Sadiq Qurbanova minnətdarlıqlarını bildiriblər.

Onu da bildirək ki, deputat Sadiq Qurbanov elə ərzaq yardımları paylanılan zaman imkan daxilində hər bir ailə ilə görüntülü telefon əlaqəsi yaradaraq onları bu ağır gündə səbr və təmkinli olmağa, hökumətimizin koronavirusla mübarizə istiqamətində gördüyü tədbirləri dəstəkləməyi və tətbiq etdiyi qaydalara riayət olunmasına çağırıb.

Avrasiya.net kampaniya çərçivəsində YAP Siyəzən rayon təşkilat sədrinin müavini Rəşad Rəhmanovun rayon kəndlərində yaşayan imkansız ailələrə ərzaq yardımlarını çatdırması görüntülərini təqdim edir:

 Əlavə edək ki, millət vəkili Sadiq Qurbanov sosial səhifəsində seçicilərinə müraciət edib.
Çox hörmətli Siyəzən və Şabran rayonu sakinləri!Dəyərli dostlarım!

Parlament seçkiləri zamanı sizlərlə tez-tez görüşəcəyimə dair söz vermişdim. Təəssüflər olsun ki, dünyada tüğyan edən Covid-19 pandemiyası bizim ölkəmizdən də yan keçmədi. Bu virusa qarşı mübarizə çərçivəsində bütün dövlətlər tərəfindən görülən əsas tədbirlərdən ən önəmlisi evdə qalmaq, insanlarla ünsiyyəti maksimum azaltmaqdır. Prezidentimiz cənab İlham Əliyevin əhalimizin sağlamlığının qorunması və bu virusa qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə əlaqədar imzaladığı fərmana əsasən ölkəmizdə karantin rejimi elan olunmuşdur. Birinci vitse prezidentimiz dəyərli Mehriban xanım Əliyeva bu məsələnin ciddiyətini nəzərə alaraq dəfələrlə xalqa müraciət etmişdir.

Bu səbəbdən təəssüf ki, söz verdiyim kimi sizinlə tez-tez görüşməyimiz müvəqqəti olaraq mümkün deyildir.

Bu gərgin və xoşagəlməz vəziyyət davam etdiyi müddətdə sosial şəbəkələr vasitəsilə əlaqələrimiz davam edəcəkdir.

Əziz həmvətənlərim, son olaraq, Mehriban xanımın müraciətinə qoşularaq, deyirəm ki, vacib zərurət olmadan evlərinizi tərk etməyin. Çünki, bir insanın laqeydliyi onlarla günahsız insanın ölümünə gətirib çıxara bilər.

İnanıram ki, #evdəqal çağırışlarına məsuliyyətlə yanaşacaqsınız.

Özümüzü və ətrafımızdakıların sağlamlığını qoruyaq!