Sahibə Qafarova: “Bu illər ərzində əməkhaqqı, pensiya və digər sosial müavinət və ödəmələr 10 dəfədən çox artıb”backend

“Azərbaycanın uğurlu inkişaf strategiyası sosial sahədə həyata keçirilən və ölkə vətəndaşlarının mənafeyinə xidmət edən geniş sosial tədbirlərlə zəngindir”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova “Tarixin, liderliyin və xilaskarlığın HEYDƏR ƏLİYEV zirvəsi” adlı məqaləsində qeyd edib.

S.Qafarova vurğulayıb ki, Prezident İlham Əliyevin “İqtisadi sahədə aparılan islahatlar hər bir vətəndaşın həyatında öz əksini tapmalıdır” tapşırığına uyğun olaraq, ölkənin iqtisadi imkanları artdıqca vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş tədbirlərin miqyası daha da genişlənib: “Möhtərəm Prezidentin səmərəli idarəetmə sistemi xalqın mənafeyinə cavab verir, həyata  keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu illər ərzində əməkhaqqının, pensiyanın və digər sosial müavinət və ödəmələrin 10 dəfədən çox artması, geniş və modern infrastruktur quruculuğu həyata keçirilməsi, işsizlik və yoxsulluq səviyyəsinin aşağı endirilməsi, həssas qruplara  dövlət dəstəyinin ardıcıl olaraq artırılması Azərbaycanda reallaşdırılan sosial siyasətin mahiyyətini aydın ifadə edir. 1993-cü ildə Ulu Öndər Heydər Əliyev Azərbaycanda müstəqil dövlət quruculuğunu həyata keçirərkən iqtisadi sahədə aparılan islahatların modern siyasi islahatlarla tamamlanmasına böyük diqqət yetirmiş, bu istiqamətdə ən düzgün uzlaşmanı təmin etmişdir. Prezident İlham Əliyevin yeni islahatlar strategiyası da bu mənada bir çox ölkə üçün mütərəqqi nümunə təşkil edir. Bu dövr Azərbaycanda demokratik təsisatların möhkəmləndirilməsi, siyasi plüralizmin və çoxpartiyalı demokratik siyasi sistemin inkişaf etdirilməsi, siyasi sistemin subyektləri arasında dialoq mühitinin gücləndirilməsi, insan hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə geniş imkanların yaradılması, dövlət və özəl qurumların fəaliyyətində şəffaflığın və hesabatlılığın təmin olunması istiqamətlərində, ictimai və sosial xidmətlər sahəsində inqilabi nəticələrlə müşayiət olunan çoxşaxəli islahatlar həyata keçirilmişdir”.