Sahibə Qafarovadan deputatlara İRAD — Otuz ildir niyə bu məsələni qaldırmırdınız?backend

Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında deputat Aydın Mirzəzadə cari məsələlər, o cümlədən deputatların çıxışlarına imkan yaradılması ilə bağlı danışıb.

“Yeni Gündəm” xəbər verir ki, millət vəkili Aydın Mirzəzadə Spiker Sahibə Qafarovaya deputatlara yaratdığı şəraitə görə təşəkkür edib.

A.Mirzəzadə bir sıra təkliflərlə çıxış edib. O deyib ki, cari məsələlərin müzakirəsi üçün 1 saat vaxt ayrılsın: “Bu gün gündəlikdən əvvəl cari məsələyə yazılan bütün deputatlara söz verməyiniz parlament tarixində bir ilkdir. Bunun üçün təşəkkür edirəm. Digər bir təklifim isə belədir ki, deputatlara verilən 10 dəqiqəlik vaxtı 5 dəqiqəyə endirək. Beləliklə, hər kəsin danışmaq imkanı olsun”.

Spiker isə bildirib ki, cari məsələlərə ayrılan vaxtı 1 saat edə bilməyəcək: “İmkan olanda deputatlara danışmaq üçün vaxt verirəm. Bu gün gündəlikdə bir məsələ olduğuna görə mən söz üçün yazılan hər kəsə bu imkanı verirəm. Digər tərəfdən deputatların 10 dəqiqəlik çıxışlarını isə lazım olduğu halda 5 dəqiqəyə endiririk. Ötən dəfə də bu məsələyə reaksiya verəndə dedim ki, 30 ildir niyə bu məsələni qaldırmırdınız? Bunu media da yazdı. Doğrudan da mənə qəribədir ki, indiyə qədər bu məsələlər addım-addım həll edilsəydi, təkliflər səsləndirilsəydi, mən də bu gün hansısa qərarlara gələ bilərdim”.