Sahibkar Gülpəri Bayramova: “Qarabağda dənli bitkilərin yetişdirilməsi ilə məşğul olmaq niyyətimiz var”backend

Azərbaycanda sahibkarlığın stimullaşdırılması, onlara hüquqi, texniki və maliyyə yardımlarının göstərilməsi, güzəştli kreditlərin verilməsi, əlverişli hüquqi bazanın formalaşdırılması ölkə iqtisadiyyatında qadınların rolunu getdikcə artırır. Görülən tədbirlər nəticəsində Azərbaycanda qadın sahibkarların sayı son 13 ildə 200 min nəfəri ötüb.

Mütəxəssislər ölkəmizdə qadınların sahibkarlıqla məşğul ola bilməsi və sahibkar qadınların sayının çoxalması üçün daha böyük potensial görürlər. Bunun üçün ölkəmizdə əlverişli biznes mühiti yaradılıb.

Azərbaycanda sahibkarlıqla məşğul olan qadınlardan biri də “Aqro Mix” MMC-nin təsisçisi və direktoru Gülpəri Bayramovadır. O, ötən il İqtisadiyyat Nazirliyinin “Uğurlu sadın sahibkar” nominasiyası üzrə “Dayaq” mükafatını alan ilk qadın sahibkardır.

Uğur hekayəsini bizimlə bölüşən gənc sahibkar G.Bayramovanın fikrincə, hər işin, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olmağın öz çətinliyi var. Amma əzmkar, zəhmətkeş, qətiyyətli qadınlar bütün baryerləri aşaraq çətinliyin öhdəsindən gələ bilirlər: “Ümumiyyətlə, qadın uğur əldə etmək istəyirsə, ilk növbədə baryerləri aşa bilmək üçün əzm nümayiş etdirməlidir. Qayda və öhdəliklərə, iqtisadi fəaliyyətin qanun və normalarına vaxtında, düzgün riayət etməliyik. İşə başlamazdan əvvəl maliyyə məsələlərinə diqqət yetirmək, tam şəffaf fəaliyyət göstərmək, hüquqi məsələlərə önəm vermək, biznes aləmində etibar qazanmaq lazımdır. Etibar qazanan qadının sözü müqavilədən də keçərli olacaq. Bu hallar insanı uğura daha tez aparır”.

“Dövlət dəstəyi ilə meyvə bağları salacağam”

Azərbaycanda qadın sahibkarlığının hələ yeni inkişaf etməyə başladığını deyən G.Bayramova biznes fəaliyyəti ilə 2019-cu ildən məşğuldur, topdansatış məqsədilə Rusiya, Belarus, Özbəkistan, Qazaxıstan, Türkiyə, İran, Gürcüstan, Afrika ölkələrindən meyvə-tərəvəz idxal edir, həmçinin yerli fermerlərdən məhsul alır.

“Fermerlərdən aldığımız malların birbaşa supermarketlərə çatdırılma sistemini qurmuşuq. Dörd ilə yaxındır ki, bu fəaliyyətlə məşğuluq. Xaricdən əsasən sitrus meyvələri – portağal, naringi, limon, eləcə də kartof, soğan, badımcan, bibər idxal edirik”.

G.Bayramova qeyd edir ki, Azərbaycan bazarı təxminən üç-dörd ay meyvə-tərəvəz idxalından asılı olur. Cənub bölgələrimizdə yetişdirilən naringi, limon ölkənin daxili tələbatını tam ödəmədiyindən sitrus meyvələrinin idxalına ehtiyac yaranır. Ananas, banan, avokado kimi ekzotik meyvələrə daxili bazarın tələbatı bütün il ərzində idxal hesabına ödənilir. İqlim şəraitindən asılı olaraq, kartof və soğan bəzən idxal olunur, əksər hallarda isə tələbat yerli istehsal hesabına ödənilir: “Elə məhsullar var ki, tələbatı daxili istehsal tam qarşılayır. Məsələn, pomidor Azərbaycana xaricdən gətirilmir, daxili bazarda yalnız öz məhsulumuz satılır. Yerli heyva, alma və nar daxili tələbatı tam təmin edir. Azərbaycan bazarında tələbat yarandığına görə ilin əksər aylarında kartofu idxal etməyə məcbur oluruq. Bunun bir səbəbi də müvafiq şərtlərə cavab verən saxlama anbarlarının olmamasıdır”.

Sahibkar xanımın sözlərinə görə, daha çox məhsul idxal etdiyi ölkələr Türkiyə və Rusiyadır. “Kartofu həm Türkiyədən, həm də İrandan, soğanı isə daha çox Rusiyadan idxal edirik. Loqistika xərcləri getdikcə artır. Bunun səbəbi həm yanacağın qiymətinin qalxması, həm də daşıma üçün ölkədə kifayət qədər TIR-ların olmamasıdır. Türkiyə ilə işləmək loqistika baxımından digər ölkələrdən daha rahat olsa da, bu ölkədən nəqliyyat baha gəlir. Rusiya və Belarusdan Azərbaycana daşıma xərcləri xeyli aşağıdır. Qazaxıstan və Özbəkistana isə həm dəniz, həm də quru yolla yüklərin çatdırılmasında ciddi loqistika problemlərimiz yaranır”.

Təsisçisi olduğu şirkətin həm də yerli məhsul istehsalı ilə məşğul olduğunu vurğulayan G.Bayramova qeyd edir ki, şirkət Saatlı rayonundakı 40 hektara yaxın torpaq sahəsində badımcan, bibər, pomidor, kartof, lobya, qarğıdalı yetişdirərək daxili bazarda satır: “Dövlət dəstəyi ilə istehsal sahəsini genişləndirərək istixanalarda tərəvəz əkmək, meyvə bağları salmaq planlarımız var. Qarabağ bölgəsində dənli bitkilərin yetişdirilməsi ilə məşğul olmaq niyyətimiz də var”.

İlhamə İSABALAYEVA