Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti keçirilibbackend

Prezident İlham Əliyevin cari ilin 16 sentyabr tarixində Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində çıxışı ilə əlaqədar

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Sammitdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, digər ölkələrin dövlət və hökumət başçılarını qarşılayıb.

Dövlət və hökumət başçıları birgə foto çəkdirdikdən sonra Sammitin geniş tərkibdə iclası baş tutub.

Azərbaycan Prezidenti tədbirdə çıxış edib. Dövlət başçısı çıxışı zamanı bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyinin narahatlıq doğurduğunu bildirib.

“Bununla əlaqədar 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsini qeyd etmək istərdim. Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində yerinə yetirildiyi halda, bizim vəziyyətimizlə bağlı qəbul olunmuş qətnamələr 27 il ərzində icra olunmamış qaldı. Azərbaycan Qarabağ münaqişəsini özü hərbi-siyasi yolla həll edib və Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin icrasını təmin edib.

2019-cu ildən Azərbaycan 120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edir. Bizim sədrliyimiz yekdilliklə daha bir il – 2023-cü ilə qədər uzadılıb və bu, ölkəmizə olan hörmətin və etimadın göstəricisidir. Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək.”

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi; siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsi; regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir.

Gülpəri Məmmədli

Azərbaycan Dövlət Pedaqoji Universiteti