“Savaş bitdikdən sonra…”backend

“Müharibənin bundan sonra istənilən nəticəsindən asılı olmayaraq Ermənistan ağır zərbə aldı. Ona ordusunun itkilərini bərpa etmək üçün indi ən azı 10 il lazım olacaq. Ölkənin onsuz da zəif olan iqtisadiyyatı tam çökəcək, Ermənistanın investor cəlb etmək imkanları isə yox dərəcəsindədir. Ölkədən əhalinin miqrasiyası artacaq və bunların hamısı son nəticədə Ermənistanın dövlət kimi mövcudluğunun özünü sual altına qoyur”.

Politoloq Ərəstun Oruclunun müsahibəsini təqdim edirik:

– Ermənistan-Azərbaycan münaqişəsi ətrafındakı son durum haqda nə düşünürsünüz? Münaqişənin həlli bölgədə hansı geosiyasi dəyişikliyə yol aça bilər?

– İstər müharibənin gedişatı, istərsə də artıq bu gün ortada olan nəticə Azərbaycanın lehinədir. Əvvəla ona görə ki, Azərbaycan 27 ilə yaxın bir vaxtda sülhə sadiq olduğunu nümayiş etdirdi və bütün danışıqlarda iştirak etdi. İkincisi, biz göstərdik ki, münaqişənin danışıqlar yolu ilə həllinə üstünlük verməyimiz heç də zəiflik əlaməti deyildi. Bu illər ərzində bir çoxlarında belə yanlış təsəvvür yaranmışdı ki, Azərbaycan artıq itkilərlə hesablaşıb və proses belə də davam edəcək. İnsanlar zamanla hər şeyi unudacaq, başqa qayğılar, ilk növbədə də sosial-iqtisadi problemlər ön plana çıxacaq və Qarabağın işğaldan azad edilməsi, ölkənin ərazi bütövlüyünün bərpası artıq prioritet məsələ olmayacaq. Başlanan müharibə isə həmin dəyərləndirmələrin tamamilə yanlış olduğunu, Azərbaycan dövləti və xalqı üçün bu məsələnin hər zaman aktual və prioritet qaldığını nümayiş etdirdi.

Digər bir tərəfdən üzdə deməsələr də, amma öz içlərində bizi məğlub olmuş, sınmış, döyüş əzmi olmayan xalq kimi görməyə başlamışdılar. Buna şərait yaradan amillərdən biri də, Ermənistanın günü-gündən sərtləşən ritorikası fonunda Azərbaycanın özünü təmkinli aparması idi. Münaqişənin alovlanması buna da son qoydu və hər kəs döyüş qabiliyyəti və əzmi olan bir xalqı, onun müasir səviyyədə döyüş apara bilən ordusunu gördü. Qayda və qanunlardan daha çox fiziki gücün dominantlıq etdiyi bugünkü dünya üçün bu, çox önəmli mesaj idi.

Əvvəllər də demişəm ki, müharibənin yenidən alovlanmasına səbəb təkcə Ermənistanın durmadan aqressivləşməsi və bizim buna adekvat reaksiyamız deyil, həm də regionda, dünyada gedən geosiyasi proseslərdir ki, biz də istəmədən həmin proseslərin tam mərkəzindəyik. Deməli, indiki mərhələdə bu amil də nəzərə alınmalı idi və alınıb da.

Yeni geosiyasi konstruksiyanın formalaşdığı və onun bizim regionla birbaşa əlaqəli olduğu dönəmdə biz istər-istəməz həmin proseslərin mərkəzinə düşmüşük. Belə olduğu halda da qətiyyətli, çevik addımlar ata bilmək qabiliyyəti və siyasi iradə Azərbaycanın əhəmiyyətini xeyli dərəcədə artırır. Həm də o mənada ki, qlobal oyunçular bizimlə danışmağın və bizi tərəfdar görməyin önəmini anlayırlar. Bu isə hər bir halda bizim lehimizədir, çünki ən azı bizi bütün tələblərə sakitcə əməl edən vassal kimi görə bilmirlər. Biz artıq tərəfik və geosiyasi üstünlük qazanmaq uğrunda mübarizə aparan oyunçular da bizi öz partnyoru görmək istəyirlər.

– Ermənilər qarşıdurmanı regional münaqişə müstəvisinə çəkmək səylərini davam etdirirlər. Bu, mümkün ola bilərmi?

– Ermənistan istər torpaqlarımızı işğal etdiyi mərhələdə, istərsə də sonrakı atəşkəs dövründə daim arxasında öz himayədarlarının gücünü, təsirini hiss edib. Başqa cür ola da bilməzdi: zəif, kiçik və yoxsul Ermənistan belə uğuru yalnız ondan regional və geosiyasi alət kimi istifadə edən böyük qardaşlarının dəstəyilə qazana bilərdi. Bu gün isə həmin konyunktura istər regional, istərsə də qlobal səviyyədə dəyişib. Dediyim kimi, yeni geosiyasi mübarizə tərəfləri daha çevik olmağa sövq edib və bu mənada da onların hər biri Azərbaycana potensial partnyor kimi baxır, ona görə də əvvəl olduğu kimi birmənalı Ermənistanı dəstəkləməklə öz seçim imkanlarını daraltmaq istəmirlər. Odur ki, Ermənistanın münaqişəni ikitərəfli formatdan çoxtərəfliyə keçirmək cəhdləri uğur qazana bilmir və düşünürəm ki, bilməyəcək də.

Azərbaycanın öz torpaqlarını qaytarmaqda qətiyyətli olması bir çox köhnə yanaşmalara son qoymaqla yanaşı, həm də ölkənin rolunu artırdı. Qarabağa nəzarəti itirmiş Ermənistan isə artıq heç kəs üçün əvvəlki qədər cəlbedici deyil.

– Erməni mediası sabiq prezident Robert Köçəryanın Moskvaya ehtimal olunan səfərindən yazır. Bu səfər nəyi dəyişə bilər və ya bu səfər baş tuta bilərmi?

– Məncə, son anda Köçəryanın COVID-19-a yoluxması səbəbindən Moskva səfərinin təxirə düşməsi haqda məlumat başqa tendensiyalardan xəbər verir. Paşinyanın Putinə məktubu və ona Rusiya Xarici İşlər Nazirliyindən gələn cavab göstərdi ki, Moskva ən azı indiki mərhələdə münaqişəyə hansısa aktiv formada qoşulmayacaq və həmin səbəbdən də iki keçmiş prezidentin Moskva səfəri koronavirus bəhanəsilə təxirə salındı. Səfərdə iştirak etməli olan digər eks-prezident Levon Ter-Petrosyanın Rusiya XİN-in İrəvana yolladığı cavaba verdiyi şərh də buna əyani sübutdur.

– Bəs baş verənlər Baş nazir Nikol Paşinyana nə vəd edir?

– İlk növbədə məğlubiyyət, özü də həm Paşinyana, həm də onun ölkəsinə. Müharibənin bundan sonra istənilən nəticəsidən asılı olmayaraq Ermənistan ağır zərbə aldı. Ona ordusunun itkilərini bərpa etmək üçün indi ən azı 10 il lazım olacaq. Ölkənin onsuz da zəif olan iqtisadiyyatı tam çökəcək, Ermənistanın investor cəlb etmək imkanları isə yox dərəcəsindədir. Ölkədən əhalinin miqrasiyası artacaq və bunların hamısı son nəticədə Ermənistanın dövlət kimi mövcudluğunun özünü sual altına qoyur. Bütün bu nəticələrə görə isə məsuliyyət daşıyan öz populist bəyanatları və avantürist addımları ilə müharibəni aktuallaşdıran Paşinyandır. Savaş bitdikdən sonra və bəlkə də daha tez ondan bütün bunlara görə hesabat tələb olunacaq. İnqilabçı baş nazirin bu sınaqdan ağır itkisiz çıxacağı inandırıcı görünmür.

Amma onun da bəzi siyasi dairələr tərəfindən dəstəkləndiyini nəzərə alsaq, sonrakı mərhələrdə hadisələr onun xeyrinə də cərəyan edə bilər. Məsələn, Paşinyan Rusiyaya loyal ordu rəhbərliyini məğlubiyyətdə günahlandırıb sıradan çıxara bilərsə, bundan sonra həm Ermənistana Rusiyanın təsirini azalda, həm də öz siyasi hakimiyyətini xilas edə bilər. Bunun üçün onun yanında təcrübəli məsləhətçiləri də var. Mən ilk növbədə eks-prezident Ter-Petrosyanı nəzərdə tuturam. Digər tərəfdən də, Paşinyanın 20 illik davamlı hakimiyyətdən kənarlaşdırdığı “Qarabağ klanı” indi xeyli zəifləyib, özünün ciddi dayaqlarını itirib ki, bu amillər də çevik siyasət yürüdəcəyi halda Paşinyanın xeyrinə işləyə bilər.Teleqraf