Bayram gələndə sevinirdi. Yeni il “ Yolka “ sının altına qoyulmuş hədiyyələri və pəncərədə sakit yağan qarı seyr etməyi xoşlayırdı. Qar nadir hallarda yağırdı. Hədiyyələrsə demək olar ki, heç vaxt olmurdu, onları yalnız ya jurnallar, ya televizor, ya da ki, kimlərinsə mənzilində görürdü. Bilirdi ki, ona məxsus deyil, bilirdi ki, belə hədiyyələri yalnız yuxusunda görə bilər, amma yenə də arzulayırdı, sevirdi. Bayram onunçün yalnız bu 2 şeydən ibarət idi: qar və hədiyyə. Qar da yağmayanda lap dilxor olurdu. Axı hər halda, bayram günü heç nə ürəyincə olmasa belə, yağan şəffaf, narın qar onun qəlbinə bir sərinlik, sakitlik, nikbinlik, arxayınlıq gətirirdi. Hesab edirdi ki, bu qar yalnız onun pəncərəsinə yağır, təzə ildə ona həyətini də, həyatını da təmizləyəcəyini, gümrahlaşdıracağını vəd edir. Beləcə, düşünə – düşünə sevinir, bayramını öz aləmində qeyd edirdi, sonrasa yuxuya gedirdi. Yuxusu daha gözəl idi. Orda hər şey və hər kəs var idi: Şaxta Baba, Qar Qız, Qar adamı, möhtəşəm Yeni İl Karnavalı və Əzəmətli Şam Ağacı…. Hansı ki, realda çox da böyük olmayan, yuxudasa çox uca və əlçatmaz sandığı bir Şam ağacı. Ətrafında dövr etməyi və yorulanda altına girib hədiyyələrə baxmağı, seçməyi sevirdi. Nələr yox idi bu hədiyyələrin arasında…Gəl ki, bunların heç birini özüylə götürə bilmirdi. Real aləmə düşən kimi hər şey yoxa çıxırdı………. 27 yaşa çatmışdı. Amma hələ də arzusundan əl çəkə bilmirdi. Yenə də balacalığında olduğu kimi sevirdi: qarı və hədiyyəni…. Yadındadır, bir dəfə 5 yaşında olarkən sual verdi evdə ki: “ Bəs niyə bütün uşaqların, hətta böyüklərin hədiyyəsi var, mənimki yoxdur? ” Cavab verdilər ki: “ Onlara Şaxta Baba gətirir hədiyyəni “. Onda da soruşdu ki: “ Bəs niyə Şaxta Baba bizə gəlmir? “ Bu suala ilk öncə cavab almadı. Sonralar dedilər: “ Yolu uzaqdır. “ Onda da soruşdu ki: “ Axi o özü uzaqdan gəlir, qonşulara gəlir, bizə gələ bilmir? Biz yəni qonşularımızdan elə “ uzaq “ ıq? “ Onda bir ah çəkərək dedilər ki: “ Şaxta Babanı dəvət etməyə pulumuz yoxdur “. Yenə də təəccübləndi: “ Məgər Şaxta Baba da pulla gəlir? Onda hamı niyə onun gəlişinə sevinir? Pul varsa, Şaxta Baba nəyə lazım? Özüm də hər şeyi əldə edə bilərəm də….İşə bax, Şaxta Baba da rüşvət alır. “ Sonrasa köks ötürüb ağlayır, amma ümidini yenə də üzmürdü………. O vaxtdan bir xeyli ötüb. Amma nədənsə hələ də bu anları unuda bilmir. Qəribədir: görəsən niyə uşaqlıqdan tutmuş indiyə qədər Şaxta babaların, babaların, dayıların, əmilərin gəlişini gözləyirik? Nə var, nə var onlar əlidolu gəlir? Axı indi bu Şaxta Babalar da, əmilər, dayılar da “ təmənnasız “ gəlmir, nəsə umurlar? Ona belə “ Şaxta Baba “ lar çox yaxınlaşmışdı. Öz aləmində onları “ Saxta baba “ adlandırırdı. Qar bərkimişdi, amma havada külək yox idi. Çay içmək istədi, amma pəncərədən aralana bilmirdi. Sanki aralansa yağan qar bir an əriyə bilərdi. Təzədən yaxınlaşıb diqqətlə baxdı. Bu an qəribə bir mənzərəni seyr etdi: pəncərədə öz əksini gördü, çox gözəl görünürdü, arxasında isə yağan qar onu sanki Qar Qıza bənzədirdi. Əslində ağ deyildi, qara qız idi, amma indi Qar qıza oxşayırdı. Kaş ki, bu şəkili çəkə bilərdi…..Fikir yenə onu keçmişə apardı….. Uşaqlığında da, gəncliyində də həmişə elə zənn edirdi ki, hədiyyə onda olmayan bir şeydən ibarət olmalıdır. Məsələn: əlcək, yaraşıqlı papaq, velosiped, komputer, maşın….. Sonralar bütün bunları əldə etdi, amma hədiyyə olaraq deyil. Işləyərək, qazanaraq əldə etdi. Beləliklə də hədiyyələrlə bağlı istəyi dəyişdi, daha maraqlı, daha romantik nələrsə arzuladı……… Qəribədir, ona elə gəlirdi ki, o zamana qədər nəsə istəyəcək, arzulayacaq, ta ki, hər şeyi olsun. İndisə ona elə gəlir ki, hər şeyi var. Bəs onda görəsən indi nəyi istəyir, indi hansı hədiyyəni gözləyir? Qəfil gözləri divardakı şəkilə sataşdı. Sevgilisi gülərüzlə ona baxıb gülümsədi: “ Sən də mənim keçən ilki hədiyyəmsən, səni arzulamışdım, sən də gəldin, özu də əlidolu, hədiyyələrlə….Bir dayan… Axı sən də Şaxta Babasan, hədiyyə gətirirsən mənə…..Eh, sən də rüşvətxorsan, əvəzində qəlbimi almısan. Saxta “ Şaxta Baba” m mənim …….Görən bu bayramda mənə nə hədiyyə edəcəksən? Adətən səndən romantik, könüloxşayan hədiyyələr gəlir? O gün soruşurdu ki, sənə nə alım? Cavab tapmadım. Hər şeyim var? Görən nə ola bilər? “ Birdən duruxdu, qaşları çatıldı: “ Bəlkə?….? Hə, hə, düz tapdım, axı o hələ mənə evlilik təklifini etməyib tam?” Tez barmağına baxıb, gülümsədi: “ Hə, çatışmayan tək budur – üzük, görəsən necə üzük alacaq, qızıl, brilliant qaşlı, bəlkə platin?……….” Beləcə Qara Qızı fikir apardı, düşünməkdən rəngi lap qaraldı. Çöldə yağan ağappaq qarsa hərtərəfi ağ nura qərq etdi, getdikcə pəncərə şüşəsini də görünməz etdi, ordan görünən Qara Qızı da………
Nərmin Şamilbəyli