Başımız o qadına, bu qıza, qadınlarınsa başı o bəyə, bu oğlana, sevmələrə, darıxmalara o qədər qarışdı ki, unutduğumuz şeylər oldu, gənclər. Sevdiyimiz adamları əzbər bilirik. Onların nəyi sevib-sevmədiyini, onlara kimin dost, kimin düşmən olduğunu yaxşı bilirik. Bəs doğmalarımızın? Mən sizə ciddi-ciddi sual verirəm, siz də özünüzə sual verin. Heç bilirsizmi ananız, atanız nəyi sevib, nəyi sevməz? Ananızın ən sevdiyi yemək hansıdı? Atanızın ən sevdiyi yazar hansıdı? Ananızın ən sevdiyi kofta, paltar hansıdı? Bəs sevdiyi kitab? Atanız hansı yeməyi çox sevər? Çayı necə içməyi xoşlayar? Atanızın əsgərlik macəraları ilə maraqlandınızmı? Ata və ananızın gəncliyindəki ən unudulmaz hadisə hansıdı? Ata və ananızın gəncliyindəki ən yaxın dostu kim olub? Ən sevdikləri saç düzümü hansıdır? Onlar üçün xoşbəxtlik nədir? Atanızın gəncliyindəki hobbisi nə idi? Ananızın ən gözəl bacardığı və sevdiyi iş? Ata olmaq necə hissdir? Bəs ana olmaq necə? Bu siyahnı artırmaq olar, lakın cavabsa dəyişməz olaraq, cavabsız qalacaq; -bilmirik. Heç zaman da bilmək istəmədik. Biz o qədər zay məhsuluq ki, inanın ata və anamızın adını başqalarından eşitməsəydik, əsla adlarını bilməzdik. Elə “ana”, “ata”, “mama”, “papa” deyərək çağıracaqdıq. Bilməzdik, çünki ərindik öyrənməyə. Çünki gözümüzün önündə idilər, bizsə gözümüzdən uzaqda olanları öyrənməyə çalışmışdıq. (Necə ki alimlərimiz yer kürəsini tam öyrənmədən başqa planetləri öyrənirlərsə, bu da belə.) Nə qədər ağır olsa da etiraf etmək gərək ki, yadımıza düşmədi, çünki vecimizə olmadı. Daim başqalarını düşdündük. Çünki başqaları gedə bilərdi, ama ailəmizsə daim buraxdığımız yerdə qalacaqdı. Ailəmizin başqaları kimi ilk çətinlikdə və ya ucuz bəhanəylə bizi atıb getməyəcəyindən əmindik! Başqalarının verdiyi əsəbi onlara tökdük. Onlarsa bəzən susdu, bəzən həddimizi bildirdi. Əslində bizə hədd və ya limit qoymamışdılar. İçimizdəki vicdan bizimçün xətt cızmışdı, adını da “hədd” qoymuşdu. Biz əsla böyümədik, gənclər. Sizə gülməli gələcək ama gülsəz də eybi yox, zatən eybimiz çox, bir eyiblə heçnə olmaz. Çünki islanmışın yağışdan qorxusu olmaz. Yeni doğulmuş körpə anasını ana olaraq deyil, süd verən inək olaraq görürsə, biz də bizi yemək-içməklə təmin edən insan olaraq gördük. Hər gün iş, dərs, onunla-bununla görüşüb evə gəldikdə yeməyimiz hazır olurdu (anası işdən gələnə qədər evdə yemək işini özü görüb, evin təmizliyi kimi kiçik işlərlə məşğul olub “öldüm mən”, “oram ağrıdı, buram dağıldı”, “hambalam mən” deyən qızlar var). Yemək yeyib, iki-üç kəlmə söhbət edərik. Bir az ki, səninlə maraqlansa, “üstümə gəlmə, əsəbiyəm” zad deyib xətirlərinə dəyərik. Qarşımızdakının kim olduğunu anlamarıq. Sizdə də olubdu yəqin, “xalqın uşağı”, “zəhmətimi başıma vurma, oxu dərsini”. Bunlar nəyə və kimə görədi? Hamsı bizə görədi, indi o sözlərə lağ edirik. Çünki bilirlər ki, bizim özümüzə qalsa avara olacağıq. Ona görə də başqalarını nümunə çəkərək, çəkdikləri zəhməti dilə gətirərək, vicdana gəlib dərslərimizi oxuyaq, sənət sahibi, peşə sahibi olaq, istəyiblər. Çünki onlar bilirlər bu avaraçılığın sonu yoxdu. Guya ki, biz oxusaq onlara nə xeyri? Hansı başucalığından söhbət gedə bilər ki? Hamsı mən-sən adam olub, gələcəyimizi quraq deyə idi. Başqa dizlərdə rahatlıq tapdığımızı zənn edərdik, ama əslində cənnət qədər rahat olan yer idi anamızın dizləri. Dost bilib, dərdimizi böldüyümüz adamlar vardı ki, özünü anlayırmış kimi göstərərdi, ama anlamazdı. Daim ailəmizdən qaçdıq və dara düşərkən yardımımıza ailəmiz gəldi. (Kiçik sual; polisə düşmüş qız sevdiyi oğlanla olan münasibətindəki çürüklüyü və ya onu nə çox sevdiyini, onunçün darıxdığını düşünər, yoxsa ailəsinin onu necə xilas edəcəyini?) Biz ailəmizdən qaçdıq, çünki onlar bizdən qaçmadı. Onlarsa bizi daim sevib əzizlədi. Çünki bilirdi ki, birgün bir quş tək uçub gedəcəyik. Qızı ailə qurub sevdiyi oğlanın evinə, oğlu da ailə qurub yoldaşı ilə öz evinə köçəcək. İndi görürsünüzmü hər kim qaçırsa sevilir? Bizi olduğumuz kimi qəbul edən sadəcə ailəmiz var. Hər dəliliyimizə dözən sadəcə ailəmiz var. Lakın biz onlar haqqında heç nə bilmirik. Özləri özləri barədə danışmazsa əsla biz onlara sual etmərik ki, nəyi sevirsən, nəyi sevmirsən? Biz başqaları üçün yandıq. Bizim yanğımıza onlar kül oldu. Ana nədir, sualına evdar qadın cavabı verilir. Ancaq itirdiyimiz zaman anlayırıq. Ağlamaq o zaman başlayır. Valideyn həsrəti o zaman başlayır. Nə qədər gücsüz olduğunu, ailənlə güc tapdığını, səni sən edənin, hətta sən bilmədən sənə güc verənin ailən olduğunu o zaman anlayırsan. Gec olur, ama güclü olur. Sevdiyiniz sizi sevmir, sevgilinizdən ayrıldınız və s. Bu səbəbdən tökdüyünüz göz yaşı çox ucuz göz yaşlarıdı. Ananız sizi kiminçünsə göz yaşı tökəsiz deyə, siz üzüləsiz deyə 9 ay bətnində daşımayıb. Atanız siz alçaq olasız, başqasının namusuna göz dikəsiz, haramzadə olasız deyə səhər-axşam ağır işlərdə çalışmayıb. Hamımız ağır olmayan, az vaxt çalışıb yüksək maaş alacağımız iş istəyirik. Lakın ata olmaq səhərdən axşama qədər evinə çörək aparmaqçun küçədə “şirin pamuk (pambıq)” satmağa bərabərdi. Ana olmaqsa, sən adam ol deyə kiminsə evində xadiməçilik etməyə bərabərdi. Yenə çox danışdım və yenə çox baş ağrıtdım. Məqsədim danışmaq deyil, gerçəyi göstərməkdi. Nə qədər gec deyil gerçək sevgini göstərək. Onları sevin və sevginizi bildirin. Nəyi sevib sevmədiklərini isə əzbərləyin. Çünki gün gələcək lazım olacaq.