Səbinə Əliyeva bəyanat yaydıbackend

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb.

“Yeni Gundem” xəbər verir ki, bəyanatda deyilir ki, 31 Mart tariximizə bütün bəşəriyyətə qarşı törədilmiş erməni vandalizminin təzahürlərindən biri olan Azərbaycanlıların Soyqırımı Günü kimi daxil olub. 1918-ci ilin bu qanlı hadisələri zamanı on minlərlə dinc azərbaycanlı sırf etnik mənsubiyyətinə görə qətlə yetirilib, soyqırıma və erməni millətçilərinin təcavüzkar siyasətinə məruz qalıb. Erməni-bolşevik birləşmələrinin üzvləri insanları öz evlərində diri-diri yandırır, xüsusi amansızlıqla qətlə yetirirdilər.

“Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı dəfələrlə soyqırımı cinayətləri törədib, tarixi və dini abidələrimiz dağıdılıb, talan edilib, təhqir edilib.

Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktlarına dair kifayət qədər sübutların olmasına baxmayaraq, beynəlxalq miqyasda sülhə və insanlığa qarşı törədilmiş bu cinayətlərə hələ də adekvat reaksiya verilməyib.

Dünya ictimaiyyətini və mötəbər beynəlxalq təşkilatları ermənilərin tarix boyu azərbaycanlılara qarşı törətdikləri etnik təmizləmə və soyqırımı cinayətlərinə siyasi-hüquqi qiymət verməyə, soyqırımı tanımağa və ədalətin bərqərar olmasına dəstək verməyə çağırıram”, – deyə bəyanatda bildirilir.

Fərahim Rəhimov