Sədaqət Vəliyeva: Hər bir dövlət məmuru nümunə götürməlidirbackend

Prezident İlham Əliyevin məmurların qarşısına qoyduğu ən əsas tapşırıq və tələblərdən biri də şəhid ailələri və qazilərə xüsusi diqqət və qayğının göstərilməsidir. Ölkə başçısı tərəfindən həssas təbəqədən olan insanların problemlərinin həll olunması, onların sosial təminatının yüksəldilməsi dövlət qurumları qarşısında ən əsas vəzifə kimi müəyyən edilmişdir. Müvafiq istiqamətlər üzrə ölkə başçısı, cənab prezident İlham Əliyevin rəhbərliyi altında bir çox tədbirlər həyata keçirilmiş, sərəncamlar imzalanmış, qanunlar qəbul edilmişdir”.

”Yeni Gündəm” xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev öz fəaliyyəti – şəhid ailələrinə göstərdiyi diqqət və qayğı ilə də bütün məmurlara əsl nümunədir.  Ali Baş Komandanımız cənab İlham Əliyev öz doğum günlərini işğaldan azad olunmuş ərazilərimizdə və şəhid ailələri ilə birgə keçirir, şəhid ailələrinə, qazilərə mənzilləri, avtomobilləri şəxsən özü təqdim edir, həssas təbəqədən olan insanlarla mütəmadi görüşlər keçirir. Bir məqamı da xüsusi vurğulamaq lazımdır ki, 2021-ci il sentyabrın 27-də  Vətən müharibəsi şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq keçirilən Anım Günündə təşkil olunmuş yürüşdə Ali Baş Komandan, Prezident İlham Əliyev şəhidimizin fotosu olan plakatı öz başı üzərinə qaldırmışdır. Bütün bunlar Azərbaycan prezidenti, cənab İlham Əliyevin şəhid ailələrinə, qazilərə nümunəvi fəaliyyəti ilə yanaşı, ölkə başçısının  müvafiq kateqoriyadan olan şəxslərə diqqət və qayğısının bariz sübutudur: “Hər bir dövlət məmuru ölkə başçısının şəhid ailələri, qazilərə olan diqqət və qayğısından nümunə götürməli, cənab Prezidentin bu istiqamətdə olan bütün tapşırıq və vəzifələrini yerinə yetirməlidir”.