Şəhid ailələrinə və qazilərə təkcə dövlət yox, bütün vətəndaşlar qayğı göstərməlidir – Arzu Bağırovabackend

Prezident İlham Əliyev Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin və Elvin Paşayevi Göy­göl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən ilk tapşırığı Vətən müharibəsində rəşadət göstərən şəhidlərimizin ailə üzvlərinə və qazilərimizə yüksək səviyyədə diqqət göstərilməsi oldu: “Onlar öz canlarını fəda edib, onlar sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun. Yenə də deyirəm, dövlət və mən Prezident kimi daim onların problemləri ilə maraqlanıram, bu problemləri həll edirəm, daim onlarla bir yerdəyəm. Hər bir dövlət məmuru da, bax, eyni hərəkətlər etməlidir”.

Bu fikirləri bizimlə söhbətində “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova bildirdi və qeyd etdi ki, dövlət başçımız həqiqətən də ictimaiyyətlə görüşlərində həmişə həssas kateqoriyadan olanlara qayğı göstərilməsini, problemlərinin ilk növbədə həll edilməsini tövsiyə edib. Onun rayonlara yeni rəhbər kadrların təyinatı ilə bağlı qəbul zamanı da məhz bu məsələni qabartması təsadüfi deyil. Çünki Prezident Vətən müharibəsində qazanılan qələbəni şəhidlərimizə, müharibə əlillərinə, müharibə iştirakçılarına borcluyuq – deyir: “Əlbəttə, dövlət qətiyyət göstərdi, biz öz iradəmizi ortaya qoyduq, heç nəyə baxma­dan, heç kimdən çəkinmədən, “öldü var, dön­dü yoxdur” deyərək torpaqlarımızı azad etdik. Bu, dövlət siyasətidir və dövlətin gücüdür, vətəndaşlarımızın həmrəyliyidir. Amma onu da heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub”.

Dövlət başçımız gənc kadrlara daim in­sanlarla təmas qurmağı, bütün kəndlərə baş çəkməyi, sakinlərin qayğıları ilə yaşamağı, onları narahat edən problemləri özlərindən eşitməyi və imkan daxilində bu məsələləri həll etməyi tapşırdı. Gücünüz çatan işləri özünüz görməli, bəzi məsələlərin isə dövlət orqanları tərəfindən həll olunmasına çalışma­lısınız dedi. Ölkə rəhbəri “Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalma­yacaq.” – deyə qeyd etdi.

Yeni təyin olunan icra başçılarına fəaliyyətlərində sosial ədalət prinsipinə əməl etməyi tövsiyə edən Prezident “So­sial ədalət, bütövlükdə ədalət prinsipləri cəmiyyətin əsas prinsiplərindən biridir və sağlam cəmiyyətdə ədalət hökm sürür. Biz isə sağlam cəmiyyət qururuq və demək olar ki, bu işdə müvəffəqiyyətlər qazanmışıq.” – deyərək özünün həmin prinsiplərə sadiqliyini bir daha bəyan etdi. Prezident sonra demiş­dir: “Bu gün Azərbaycan cəmiyyəti həmrəylik nümayiş etdirir, Azərbaycan cəmiyyəti ölkədə gedən prosesləri dəstəkləyir, bizim xarici, daxili siyasətimizi dəstəkləyir. Çünki bizim siyasətimiz Azərbaycan xalqının rifah halının yaxşılaşmasına istiqamətləndirilib. Bizim siyasətimiz ölkəmizin beynəlxalq nüfuzunu gücləndirir. Bizim siyasətimiz nəticəsində Azərbaycan hərbi və ondan sonra siyasi yollarla Ermənistanın işğalçılıq siyasətinə son qoydu, əzəli torpaqlarımızı azad etdi, tarixi ədaləti bərpa etdi, milli qüruru bərpa etdi”.

Arzu Bağırova bildirdi ki, biz “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İcti­mai Birliyi olaraq, daim şəhid ailələrinin, qazilərin yanındayıq. Bölgələrdə şəhidlərin anım günlərində ailələrinin yanında olmağa, maddi – mənəvi dəstək göstərməyə çalışı­rıq. Onların problemlərinə özümüzünkü kimi yanaşırıq. Gözləmirik ki, həssas kateqoriya­dan olan həmin insanların hər hansı problemi məhz dövlət tərəfindən həll edilsin. Onsuz da görürük ki, ölkəmizdə şəhid ailələrinə və qazilərə yetərincə diqqət göstərilir. Dövlət başçımız nəinki 44 günlük Vətən müharibəsində şəhid olanların ailə üzvlərinin və yaralanan qazilərin, həm də Birinci Qarabağ müharibəsində şəhid olanların ailə üzvlərinin və qazilərin problemlərini diqqətdə saxlayır və hər bir məmurdan tələb edir ki, həssas qrupa aid edilən insanlara hərtərəfli qayğı göstərsinlər.

Arzu Bağırova qeyd etdi ki, Prezidentin şəhid ailələri, müharibə əlilləri ilə çoxsaylı görüşləri olub. Onların problemləri dövlət xətti ilə yüksək səviyyədə həll olunur. Şəhid ailələrinə dövlət tərəfindən mənzillər, fərdi evlər, minik maşınları verilir. Prezidentin görüşdə bildirdiyi kimi, Bakı, Sumqayıt və Abşeron rayonlarında şəhid ailələrinin evlə təminatı məsələləri artıq yekunlaşmaq üzrədir. Digər rayonlarda da dövlət xətti ilə bu iş görüləcək. Həmçinin şəhid ailələrini, müharibə əlillərini işlə təmin etmək üçün çoxsaylı tədbirlər həyata keçirilir. Rayon icra orqanlarının nümayəndələri həssas kate­qoriyadan olanların yaşayışı, qayğıları ilə maraqlanmalıdırlar.

Qeyd edək ki, ölkəmizdə şəhid ailələrinin, qazilərin məşğulluqla bağ­lı problemləri də yüksək səviyyədə həll edilir. “Qəhrəmanlarımızın məşğulluğuna dəstək olaq” – devizi ilə aparılan “Məşğulluq marafonu”na müraciətlər gündən-günə artır. İşsiz və iş axtaran kimi “Məşğulluq” altsistemində qeydiyyatda olan şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilər vakansiyalar üzrə işlə təmin olunurlar.