Şəhid Elşən Babazadə Qəbələdə dəfn edilib – FOTObackend
Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbi qulluqçusu ilə Qəbələ rayonunda vida mərasimi keçirilib.
Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olan Azərbaycan Sərhəd Qoşunlarının hərbi qulluqçusu, kiçik gizir, 1996-cı il təvəllüdlü Babazadə Elşən Sahib oğlunun cənazəsi bu gün doğulduğu Qəbələ rayonunun Mıxlıqovaq kəndinə gətirilib.
APA-nın yerli bürosunun xəbərinə görə, şəhid Elşən Babazadənin yaşadığı evdə təşkil olunan vida mərasimində onun ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Qəbələ Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak ediblər. Cənazə namazı qılınıb, şəhidin ruhuna dualar oxunub, “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndirilib.
Şəhid Elşən Babazadə Mıxlıqovaq kəndinin qəbristanlığında dəfn olunub, cənazənin üzərindəki üç rəngli Azərbaycan bayrağı şəhidin atası Sahib Babayevə təqdim olunub, havaya yaylım atəşi açılıb.
Qeyd edək ki, iki bacının tək qardaşı olan şəhid Elşən Babazadə 44 günlük Vətən Müharibəsində iştirak edib və 2 ildən çoxdur ki, Azərbaycan ordusunda müddətdən artıq hərbi qulluqçu kimi çalışırdı. O, nişanlı idi, yaxın vaxtda ailə qurmağa hazırlaşırdı.